Dünya 15:18 18.03.2024

Voteabroad exit-poll: Emiqrantlar arasında Putinin rəqibi qalib gəlib

Dünyanın 48 ölkəsində "exit-poll” keçirmiş "Voteabroad” layihəsinə görə, Rusiya president seçkilərində xaricdəki seçicilərin əksəriyyəti Davankova səs verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ”Vahnıye istorii” məlumat yayıb.

Onlar 66 mindən çox insanla müsahibə apardıqlarını iddia edirlər.
 
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 99,71%-i işləndikdən sonra Putin 87,31% səs toplayıb.

İkinci yeri 4,3% səslə Rusiya Federasiyası Kommunist Partiyasının namizədi, 75 yaşlı deputat Nikolay Xaritonov tutub. Üçüncü yerin sahibi 3,83% səslə Duma sədrinin müavini, "Yeni insanlar"ın namizədi Vyaçeslav Davankovdur. Son yerdə 3,21% səslə LDPR lideri Leonid Slutski qərarlaşıb. 

Mariya Zaxarova bildirib ki, xaricdə səsvermədə 372 min nəfər iştirak edib. 

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, Putin xaricdə ən azı altı şəhərdə məğlub olub. Açıqlanan məlumatlardan belə çıxır ki, Vladislav Davankov Varşava, Praqa, Haaqa, Vilnüs, Hayfa və İrəvanda Vladimir Putinə qalib gəlib. Putin ən az səsi Haaqa (15,22%) və Praqada (15,68%) toplayıb.

MSK-nın məlumatına görə, Putin səsvermədə Bakıda 77,26 faiz, Tallinndə 75,22 faiz və Genuyada 70,86 faiz səslə birinci yeri tutub. Onun Seul və Phuketdə kiçik fərqlə "qalib gəldiyi” də iddia edilir.

Nizami Bağırov