Xəbər lenti

Vüqar Həşimov son mənzilə yola salındı - FOTOLAR
Ölkə11:18 14.01.2014

Vüqar Həşimov son mənzilə yola salındı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beyin xərçəngindən dünyasını dəyişən şahmatçımızla vida mərasimi keçirildi ; tanınmış şahmatçı Şəhriyar Məmmədyarov: “Mən qorxuram ki, qarşıdakı 100 ildə Azərbaycan şahmatında Vüqarın əvəzi olmasın”

Yanvarın 11-də uzun sürən xəstəlikdən sonra Almaniyanın Haydelberq xəstəxanasında dünyasını dəyişən Vüqar Həşimovla vida mərasimi keçirildi. “Yeni Müsavat”ın məlumatına görə, vida mərasimi Bakıdakı Respublika Şahmat Mərkəzində baş tutdu. Mərasimdə hökumət rəsmiləri, eləcə də gənclər və idman naziri Azad Rəhimov , şahmatçılar və V.Həşimovun ailə üzləri iştirak edirdilər.  

Vida mərasimində çıxış edənlər Vüqar Həşimovun keçdiyi həyat yolu və şahmatçı kimi əldə etdiyi nailiyyətlərdən danışdılar. APA-nın xəbərinə görə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirdi ki,  dünyanın tanınmış şahmatçılarından biri olan Vüqar Həşimovun vaxtsız vəfatı dünya şahmatı üçün böyük itkidir. O bildirdi ki, Azərbaycan şahmatının inkişafında, tanınmasında Vüqarın əvəzedilməz rolu olub, bu baxımdan onun vəfatı Azərbaycan şahmatı üçün də çox böyük itkidir. “Vüqarın beynəlxalq yarışlarda iştirakı ilə əlaqədar heç vaxt problem yaranmayıb. Bu yarışların hər birində Vüqar ölkəmizi layiqincə təmsil edib. Onun müalicə alması üçün də dövlət tərəfindən böyük dəstək göstərilib”.

“Vüqarı bütün dünya şahmatı itirdi”

Tanınmış şahmatçı Şəhriyar Məmmədyarov çıxışı zamanı bildirdi ki, Vüqar dünyanın seçilmiş 10 ən yaxşı şahmatçısından biri idi: “Dünyada keçirilən bütün şahmat yarışları Vüqarı itirdikdən sonra bir dəqiqəlik sükutla başladı. Yəni Vüqarın dəyərini tək Azərbaycanda deyil, bütün dünyada yaxşı bilirdilər. Çox heyiflər olsun ki, bizim Vüqarla birlikdə komanda şəklində iştirak etmək istədiyimiz bir çox yarışlar yarımçıq qaldı. İstəyirdik ki, dünyada keçirilən bütün yarışlarda Azərbaycanı birinci edək”.

Ş.Məmmədyarovun sözlərinə görə, Azərbaycanın ən böyük nəticəsi komanda şəklində olan Avropa Çempionatında V.Həşimovun son oyunu olub: “Məhz onun qələbəsi ilə biz Avropa çempionu olduq. Bununla da komanda şəklində ilk birinciliyimizin tarixini Vüqar yazdı. Çünki bu qalibiyyətlərdə təməli qoyan insan məhz o idi”.

Şahmatçı vurğulayıb ki, ondan hər zaman V.Həşimovun yarışlara qatılmamasının səbəblərini soruşublar: “Yarışlara gedəndə məndən hər zaman Vüqarı soruşurdular ki, necədir, niyə yarışlara qatılmır? Hər dəfə səhhətində problem olduğunu demək çox çətin idi və biz yaxşı olduğunu, yarışlara qatılacağını deyirdik. O insanlar həqiqətən də inanırdılar ki, Vüqar yaxşılaşacaq. Ancaq çox əfsuslar olsun ki, artıq reallıqla barışmaq lazım olacaq. Mən qorxuram ki, qarşıdakı 100 ildə Azərbaycan şahmatında Vüqarın əvəzi olmasın. Vüqarı bütün dünya şahmatı itirdi”.

Keçirilən vida mərasimindən sonra Vüqar Həşimov III Fəxri Xiyabanda dəfn olundu. 

Qeyd edək ki, Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. Yanvarın 13-dən 14-nə keçən gecə Vüqar Həşimovun cənazəsi Almaniyadan Azərbaycana gətirilib.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Allah rəhmət eləsin! 

Qaynar.info