Xəbər lenti

WP: Tramp minlərlə qanunsuz miqrantı gizli şəkildə Quantanamoya göndərəcək
Dünya 17:12 11.06.2025

WP: Tramp minlərlə qanunsuz miqrantı gizli şəkildə Quantanamoya göndərəcək

ABŞ hakimiyyəti minlərlə qanunsuz miqrantı, o cümlədən Ukrayna, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Litva, Polşa və digər ölkələrin, o cümlədən Haiti vətəndaşlarını xəbərdarlıq etmədən Kubadakı qalmaqallı Quantanamo bazasına köçürməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” yazır.

Söhbət ən azı 9 min nəfərdən gedir. Qəzetin ABŞ rəsmiləri arasındakı mənbələrinə görə, Vaşinqton bu şəxslərin hərbi bazaya göndərilməsi ilə bağlı müttəfiq ölkələrin hökumətlərini məlumatlandırmağı planlaşdırmır.

Qeyd edək ki, Quantanamo bazası 11 sentyabr 2001-ci il terror aktlarından sonra yaradılmış və burada illərlə məhkəməsiz saxlanılmış şəxslərə qarşı qeyri-insani rəftar hallarının qeydə alınması ilə məşhurlaşıb. Bu səbəbdən yeni köçürmə planı hüquq müdafiəçiləri və diplomatlar arasında ciddi narahatlıq doğurub.

Hazırda minlərlə miqrant üçün tibbi müayinələr təyin olunub – onların köçürülməyə fiziki cəhətdən yararlı olub-olmadığı müəyyən ediləcək. Lakin bazada bu qədər insanı yerləşdirmək üçün infrastrukturun olmaması yeni humanitar və siyasi böhran yarada bilər. 
Məlumata görə, bu, 2025-ci ilin əvvəlində Tramp administrasiyası tərəfindən artıq bir neçə yüz nəfərin Quantanamoya göndərilməsindən sonra ilk belə genişmiqyaslı qərardır.

Quantanamo həbsxanası uzun illərdir beynəlxalq hüquq müdafiəçiləri, BMT və hətta ABŞ siyasətçiləri tərəfindən tənqid olunub. Əsir düşənlər orada işgəncələrə, uzunmüddətli təcridə və məhkəməsiz saxlanmaya məruz qaldıqlarını bildiriblər. Barak Obama qapatmaq vədi versə də, həbsxana hələ də fəaliyyət göstərir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->