Rusiya prezidenti Vladimir Putin "Wall Street Journal” qəzetinin amerikalı jurnalisti Evan Qerşkoviçin "casusluq” ittihamı ilə həbsinə şəxsən razılıq verib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Bloomberg" məlumat
yayıb.
"Bloomberg" həmsöhbətləri bildiriblər ki, amerikalı jurnalistin həbsi ilə bağlı təşəbbüs Rusiya kəşfiyyatının yüksək rütbəli əməkdaşlarından gəlib. Putinin mətbuat katibi Dmitri Peskov iddia edib ki, bu, Kreml rəhbərinin qərarı deyil, birbaşa Putinə tabe olan "xüsusi xidmət orqanlarının tam preroqatividir”.
Rusiyada sonuncu dəfə 37 il əvvəl casusluq ittihamı ilə əcnəbi jurnalist həbs edilib.
"Bloomberg" mənbələrə istinadən yazır: "[Putinin] belə bir addımı təsdiqləməsi Kremldə Vaşinqtonla dərinləşən qarşıdurmaya can atan "şahinlərin” artan təsirini əks etdirir.
Xatırladaq ki, martın 30-da Moskvanın Lefortovo məhkəməsi Evan Qerşkoviçi həbs edib. Rusiyanın kəşfiyyat xidmətləri iddia edir ki, o, "ABŞ-ın göstərişi ilə” Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat toplayırmış. O, Yekaterinburqda saxlanılıb.
Müxbiri müşayiət edən Yekaterinburq sakini Yaroslav Şirşikov bildirib ki, Gerşkoviç "Vaqner” özəl hərbi şirkət və Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında material hazırlayır.
"The Wall Street Journal” Rusiyanın iddialarını təkzib edərək, jurnalistin dərhal azadlığa buraxılmasını tələb edib.
Birləşmiş Ştatlar Gerşkoviçin haqsız olaraq həbs edildiyini bildirdi - bu, dövlətə onun adından danışıqlar aparmağa imkan verir. Onun işi ilə adətən girovların azad edilməsi üçün danışıqlar aparan Dövlət Departamentinin bölməsi məşğul olacaq.
ABŞ prezidenti Co Bayden jurnalistin ailəsi ilə danışıb və onları əmin edib ki, hökumət onu "mümkün qədər tez evə qaytarmaq” üçün əlindən gələni edir.
Nizami Bağırov