Dünya 11:53 04.03.2023

WSJ Putinin “gizli silahı”nın adını açıqladı

Qərbi yaxşı tanıyan gənc məmurlar Rusiyaya qarşı sanksiyaların nəticələrini minimuma endirməyə kömək ediblər. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” yazır.
 
Onlardan biri, 37 yaşlı Rusiya Energetika nazirinin müavini və keçmiş investisiya bankiri Pavel Sorokin qəzet tərəfindən Kremlin "gizli silahı” kimi qələmə verilir. Onun sayəsində Rusiya həm də neft üçün yeni bazarlar tapa bilir və ixracından qazancını artırır.

Qısa arayış: Pavel Sorokin Kiprdə diplomat ailəsində böyüyüb, karyerasına Ernst & Young-da başlayıb, London Universitetində maliyyə təhsili alıb, Alfa Bankda və Morgan Stanley-in Moskva ofisində çalışıb. 2015-ci ildə Extel və Institutional Investor tərəfindən tərtib edilən analitiklərin reytinqində Sorokin Rusiya və EMEA ölkələrində (Avropa, Yaxın Şərq, Afrika) neft-qaz sektorunun ən yaxşı ekspertləri sırasında olub. 

"Kpler”in aparıcı neft analitiki Viktor Katona Sorokini Rusiyanın sanksiyalara qarşı mübarizədə "gizli silahı” adlandırıb. Onun sözlərinə görə, Qərb ölkələri Kremldəki yeni nəsil menecerlərin təcrübəsini lazımi səviyyədə qiymətləndirməyib. Uzun müddət təhlükəsizlik xidmətlərindən olan adamlar və Sankt-Peterburqdan olan həmkarları ilə əhatə olunmuş Putin indi getdikcə daha çox "yeni nəsl”ə üz tutur.

Katona bildirib ki, Sorokin "Sovet İttifaqında olmayan bir şeyin təcəssümüdür". "O, seçimi olan yeni nəsil gənclərə aiddir" və Rusiya hökuməti üçün işləməyi seçdi.

WSJ yazır ki, Sorokin Rusiya nefti üçün yeni ticarət tərəfdaşları və bazarların axtarışında əsas rollardan birini oynayıb. Məsələn, sentyabr ayında o, Konqo Respublikasına səfər edib və qəzetin yazdığına görə, burada o, respublikaya Rusiya neft məhsullarını tədarük etməyə və Rusiya şirkətləri tərəfindən idarə olunacaq 850 milyon dollarlıq boru kəmərinin tikintisinə razılıq verib. 

Sorokin Əfqanıstan və Bəhreyndə hakimiyyətdə olan "Taliban”la Rusiya neftinin tədarükü ilə bağlı danışıqlarda iştirak edib. Keçmiş köməkçisinin sözlərinə görə, Əfqanıstan nümayəndə heyəti yanacağı kişmiş və göyərtiyə dəyişdirməyi təklif edəndə nazir müavini çaşıb, buna baxmayaraq, Rusiya benzininin Kabilə tədarükü ilə bağlı razılıq əldə olunub. Məsələdən xəbərdar mənbələr bildirirlər ki, fevral ayında Sorokin Rusiyadan ixrac edilən Urals neftinin qiymətlərinin sabitləşməsinə də kömək edib.

Keçmiş nazir müavininin mətbuat katibi və TASS-ın keçmiş jurnalisti Yuliya Xazaqayevanın sözlərinə görə, ötən il məhz Sorokin Qazaxıstan neftinin nəql olunduğu Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Novorossiysk terminalına cüzi ziyanın az qala fəlakətli hadisə kimi təqdim edilməsinə kömək edib. 

2022-ci il martın 23-də CPC Rusiyanın Energetika Nazirliyinə məlumat verib ki, Qara dənizdə fırtınadan sonra "üzən gəmilərdən birinin yükdaşıyıcı çərçivəsinin yerdəyişməsi nəticəsində dənizdə yanalma qurğusu zədələnib". CPC təmir üçün üç belə qurğudan ikisinin işini dayandırıb.

Əsasən Chevron və Exxon Mobil tərəfindən istehsal olunan Qazaxıstandan neft ixracının təxminən 80%-i (gündə 1,2 milyon barel) nəzarət səhmdarı Rusiya olan CPC-dən keçir.

Qazaxıstanın energetika naziri Bolat Akçulakov qəzadan bir gün sonra yanalma qurğularının təmirinin "üç həftə - bir ay”, bir gün sonra isə onlardan birinin işinin bərpa olunacağını söyləyib. Rusiya Energetika Nazirliyi isə özünü tamamilə fərqli aparıb. 

2018-ci ildə nazir müavini təyin edildikdən sonra Sorokinin ictimaiyyətlə əlaqələrə rəhbərlik etdiyi Arseniy Poqosyan və TASS-da enerji sənayesi xəbərlərini işıqlandıran Yuliya Xazaqayeva (hər ikisi artıq Rusiyanı tərk edib) nəşrə danışıblar ki, Rusiya Energetika Nazirliyinin reaksiyasını Sorokin formalaşdırıb, o, zərəri bütün dünya bazarını vuracaq ağır qəza kimi təqdim edib. 

Poqosyanın sözlərinə görə, o, Sorokinə CPC-dəki qəza ilə bağlı bəyanat layihəsini göstərib, lakin o, Kremllə danışdıqdan sonra bunun kifayət qədər sərt olmadığını bildirib. Sonrakı 12 saat ərzində Sorokin gərginliyin dərəcəsini artırmaq üçün hadisənin videoyazısının redaktə edilməsini daim tələb edib; Potensial zərər və nəticələrin qiymətləndirilməsi bəyanatın sonundan əvvələ keçirilib. "Kreml Qərbin əsəbi ilə oynamaq istəyirdi”, - Poqosyan deyir.

Hazırda baş nazirin müavini olan Novak həmin gün CPC qəzasının "qlobal neft bazarlarına ciddi təsir göstərə biləcəyini" söyləyib. Onun sözlərinə görə, yanalma körpülərinin bərpası təxminən bir ay yarımdan iki aya qədər vaxt aparacaq (Qazaxıstan nazirinin hesablamalarından iki dəfə çox), "bu müddət ərzində bu həcmdə neft dünya bazarlarına çıxarılmaya bilər". Sorokinin federal telekanallarda nümayiş etdirilən bəyanatında təmir işlərinin iki aya qədər davam edəcəyi, ixrac itkisinin sutkada 1 milyon barelə qədər olacağı (bu, dünya istehlakının təxminən 1%-ni təşkil edir) bildirilir.

Rusiya mediası panika dalğasını böyüməsinə kömək etdi. Xəzaqayevanın sözlərinə görə, əvvəlcə ona qəzanın kifayət qədər kiçik olduğu deyilib, lakin sonra redaktorlar risk səviyyəsinin artırılmasını tələb etməyə başlayıb və ABŞ, Çin və Avropa bazarlarının uzun müddət ərzində əhəmiyyətli həcmdə neft itirəcəyini vurğulayıblar. Baş redaktor Xəzaqayevaya elektron poçt vasitəsilə bildirib ki, şərh almaq üçün Sorokinlə əlaqə saxlasın.

"Sputnik” Milli enerji təhlükəsizliyi fondunun analitikinə istinadən xəbər verib ki, nəticədə neftin qiyməti 150 dollar/barelə qədər yüksələ bilər.

Belə hesabatlardan sonra neftin qiyməti 5% artıb. Brent bir barrelə görə 115,5 dollardan 121,6 dollara qədər yüksəlib.

"Kpler”in məlumatına görə, terminalda işlər iki gün sonra bərpa edilib. Bir ay sonra CPC tədarükün tam şəkildə bərpa olunduğunu elan edib.

Sorokinin bank sektorundakı işindən tanıyan keçmiş həmkarlarından biri onun 1990-cı illərdə Rusiyada "aşkarlığı” tənqid etdiyini və mühafizəkar fikirlərə malik olduğunu bildirib. "O, Rusiyanı yenidən böyük etmək istəyirdi", - onun başqa bir keçmiş həmkarı xatırlayır.

WSJ digər yüksək rütbəli gənc Kreml məmurları arasında 39 yaşlı maliyyə nazirinin müavini Aleksey Sazanovu, Energetika Nazirliyinin 34 yaşlı tədqiqat rəhbəri Denis Deryuşkini və Putinin 40 yaşlı müşaviri Maksim Oreşkini də qeyd edib. Qəzetin yazdığına görə, onların hamısı Rusiyanın sanksiyalar təzyiqi şəraitində faydalarını maksimum dərəcədə artırmağa töhfə verib və Sazanov Sorokinlə birlikdə artan büdcə kəsirinin ödənilməsi variantlarının tapılmasında əsas rol oynayır.
Xatırladaq ki, qışda Avropa İttifaqı Rusiyadan gələn xam neft və neft məhsullarına embarqo və qiymət tavanı tətbiq edib. ABŞ və Böyük Britaniya Rusiya neftindən ötən ilin yazında imtina edib. Nəticədə Çin və Hindistan 2022-ci ildə Rusiya neftinin əsas alıcıları olub. 

Ötən yay Bloomberg Maksim Oreşkini "Putinin Qərbə qarşı iqtisadi əks-hücumunun memarı” adlandırıb. Agentliyin mənbələr bildiriblər ki, xüsusən də Qərb alıcılarına verilən qaza görə ödənişlərin rubla çevrilməsi ideyasını məhz o təklif edib.

Nizami Bağırov