"Vətən müharibəsində qazanılan qələbədə əsas amil xalqla ordumuzun bir yerdə olmasıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov 44 günlük müharibədə qələbəmizi şərtləndirən əsas daxili və xarici faktorlardan danışarkən deyib.
"İlk növbədə xalqımızda qələbə çalacağımıza daxili inamın güclü olması prosesdə öz sözünü dedi. Vətən müharibəsində əldə edilən zəfər həmçinin Azərbaycan insanının bir xalq olaraq mövcud problemləri həll etmək gücündə olduğunu göstərdi. Azərbaycan insanı bu qələbə ilə qarşısına qoyduğu tapşırıqları yerinə yetirmək üçün bir araya gələ bildiyini, rəhbərlik ətrafında birləşməyə qadir olduğunu da göstərdi. Xalqla ordunun bir yerdə olması, xalqın orduya hərtərəfli dəstəyi, çəkici bir yerə vurmaları qələbədə əhəmiyyətli rol oynadı", deyə ekspert əlavə edib.
Həmsöhbətimiz qeyd edib ki, informasiya müharibəsində əldə edilən uğurlar da qələbədə mühüm əhəmiyyət kəsb edib:
"Azərbaycan savaş dövründə informasiya müharibəsində mühüm işlər gördü. Məhz informasiya müharibəsi ilə dünyanı prosesə hazırlaya bildik. Düşmənin təxribatlarının qarşısını zamanında aldıq. Müəyyən diplomatik addımlar, danışıqlar, razılaşmalar, Türkiyənin Azərbaycana ciddi dəstəyilə münaqişənin memarı olan Rusiya bu və ya digər şəkildə prosesdən təcrid olundu. Yəni, düzgün informasiya siyasəti nəticəsində ölkəmizin haqlı olduğunu dünya qəbul etdi. Bütün bunlar da sonda qələbənin əldə edilməsinə töhfə verdi”.
Rövşən Həsənov