İranın keçmiş prezidenti, Ali Dini Şuranın sədri Əli Rəfsəncani 82 yaşında vəfat etdi.
Publika.az xəbər verir ki, infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilən Rəfsəncani təxminən iki saat sonra ölüb.
Rəfsəncani İranın ən nüfuzlu siyasətçilərindən biri hesab olunurdu. 1979-cui ildə İran İslam İnqilabının banisi olan Ayətullah Xomeyninin ən yaxın silahdaşlarından idi.
Rəfsəncani şah rejiminin devrilməsində fəal iştirak edib, daha sonra İranın ən yüksək postlarında təmsil olunub. 1989-cu ildə Xomeyni öləndən sonra Ali dini rəhbər olmaq şansı var idi. Lakin o, ikinci planda qalmağa üstünlük verdi. Onun əvəzinə dini rəhbər Əli Xamneyi oldu. Özü isə 1989-cu ildən 1997-ci ilə qədər İran prezidenti postunu tutdu.
Rəfsəncani İran liberallarının lideri hesab olunurdu və radikal mühafizəkarlara qarşı çıxırdı. Mərhum siyasətçi həmçinin ölkənin ən zəngin insanlarından biri hesab edilirdi. “Forbes” jurnalı 2003-cü ildə onun 1 milyard dollarlıq varidatının olduğunu yazmışdı.
2005-ci ildə Rəfsəncani yenidən prezidentliyə namizəd oldu, lakin ultra-radikalların lideri olan Tehran meri Mahmud Əhmədinecada məğlub oldu.
O isə uzun illər Ali Dini Şuraya rəhbərlik etdi. Bu Şura siyasi sistemə nəzarət edir və mübahisəli məsələləri həll edir. Rəfsəncaninin rəhbərliyi dövründə bu şuranın təsiri böyük olub.
Rəfsəncani həmçinin, Qərblə dialoqu və İranın nüvə proqramı haqqında ABŞ-la danışıqlar aparılmasını dəstəkləyirdi. 2005-ci ildə “Al Monitor” nəşrinə müsahibəsində qeyd edirdi ki, “amerikalılar keçmişdən uzaqlaşmaq istədiklərini göstərirlər”.
“The Nyu-York Times” nəşri yazır ki, prezident seçkiləri ərəfəsində Rəfsəncaninin ölümü siyasi vəziyyətə təsir edəcək. Bu, İranda “islahatçı hərəkata böyük zərbədir”.
Mühafizəkar qanada yaxınlığı ilə seçilən politoloq Həmid Reza Taraki nəşrə açıqlamasında bildirib ki, Rəfsəncaninin ölümü ilə “görünməyən əl” yox oldu:
“Bu, Amerika ilə yaxınlaşmağa çalışan islahatçıların məxfi görüşlərinin sonu deməkdir. Bu andan etibarən bizim mövqeyimiz güclənəcək və qərarlar qəbul etmək daha asan olacaq”.
Rəfsəncani mülayim islahatçı olan prezidenti Həsən Ruhaniyə dəstək göstərirdi. 2014-cü ildə çəkilmiş sənədli filmdə deyilirdi ki, 1980-ci illərdə Ruhani Rəfsəncaninin xahişi ilə ABŞ-la gizli danışıqlarda iştirak edib. Söhbət “İran-Kontras” işindən gedir, hansı ki, ABŞ İrana gizli silah çatdırırdı.
Ruhani bunu yalan informasiya adlandırır və deyir ki, bunu rəqibləri bilərəkdən yayır. Hazırda o, ikinci dəfə prezidentliyə namizəd olmağa hazırlaşır. Rəfsəncaninin ölümü Ruhaninin qələbəsinə çətinlik yaradacaq. Hətta o, qalib gəlsə belə yenə də çətinliklə qarşılaşacaq.
“Gulf State Analytics”in aparıcı eksperti Teodor Karasik hesab edir ki, prezident seçkilərindən bir neçə ay öncə Rəfsəncaninin ölməsi mühafizəkarlarla islahatçılar arasında mübarizəni kəskinləşdirəcək.
Həsən Ruhani sanksiyaların ləğvi üçün atdığı addımlarla İranın beynəlxalq nüfuzunu artırsa da, əksər iranlılar ölkədəki ağır iqtisadi vəziyyətdən narazıdır. Son sorğulara görə, respondentlərin yalnız 38 faizi Ruhanini dəstəkləyir. 58 faiz respondent isə İslam İnqilabı Keşişçiləri Korpusunun “Qüds” eli birliyinin rəhbəri general Qasım Süleymaniyə dəstək verir. “Qüds” birliyi Suriyada Bəşər Əsəd tərəfindən döyüşür. Süleymani isə bildirib ki, o, prezidentliyə namizəd olmaq istəmir.
Rəfsəncaninin ölümünün ABŞ-da Donald Trampın prezident səlahiyyətlərinə başlaması ərəfəsində olması da diqqət çəkir. Hansı ki, Tramp İranla nüvə proqramı razılaşmasını ləğv etməyi istəyir. Bu belə olacaqsa, yeni ABŞ-İran qarşıdurması qaçılmaz olacaq və dünya üçün böyük müharibə təhlükəsi yaranacaq.
Qaynainfo.Az