Müflis olmuş "Palmali"nin hələ də üzərində həbs qərarı olan prezidenti Mübariz Mənsimovun son müsahibəsi əyrafında müzakirə və qalmaqallar səngimir.
Qaynarinfo-nun verdiyi xəbərə görə, diqqətçəkən məqamlardan biri də "söyüş müxalifəti" kimi tanıdığımız xaricdəki bir neçə video bloggerin ona qarşı gözlənilmədən aqressivləşməsidir.
Bu həmin bloggerlər idi ki, bir neçə ildir fasiləsiz olaraq ölkə rəhbərliyi haqqında, habelə ölkənin yüksəkçinli məmurları haqqında təhqir dolu kampaniyalar aparır, heç bir əxlaqa, mənəviyyata sığmayan ifadələr işlədirdilər. İndi isə bu üfunət maşını qəfildən Mübariz Mənsimova qarşı yönəlib.
Maraqlıdır ki, bu bloggerlərin bir neçə ildir gündəlik məşğuliyyət kimi hədəfə aldığı şəxslər elə Mübariz Mənsimovun da eyni israrla hədəf aldığı adamlarla eyni idi.
Lakin Mənsimovun son müsahibəsindəki təzadlı, tərəddüdlü açıqlamalarından sonra bloggerlər bu dəfə məhz onu hədəfə çevirdi.
Belədə sual yaranır, əcəba, Azərbaycanda adi müğənnidən tutmuş iş adamına qədər hər kəsi şantaj edərək pul qoparmağı peşəyə çevirən bu bloggerləri qıcıqlandıran nə olub?
Bəlkə bu bloggerləri bu vaxta qədər maddi cəhətdən şirnikləndirən əsas dəstəkçilərdən biri Mənsimov olub? İndi bu dəstəyin kəsilmə ehtimalından əndişə edirlər?
Hesab edirik ki, bu əsaslı şübhədir. Və inanırıq ki, bir gün o bloggerlər də ədalət məhkəməsi qarşısında cavab verəcək və hər şey gün üzünə çıxacaq.
Aydın