Xəbər lenti

Xarici təşkilatlar İntiqam Əliyevin səhhətindən narahatdır
Siyasət10:40 29.05.2015

Xarici təşkilatlar İntiqam Əliyevin səhhətindən narahatdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüquq müdafiəçisi 3 həftə aradan sonra ailəsi ilə görüşüb; HMC rəhbəri səhhətinin ictimailəşməsini istəmir

Fəxrəddin Mehdiyev: “İstəmir ki, kimsə ona görə narahat olsun”

Nərmin Kamilsoy: “Ayaqüstə dayana bilmirdi”

Hazırda həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) sədri İntiqam Əliyevin səhhətində yaranan problemlər həyatı baxımından təhlükəli həddə çatıb. Bel ağrılarından ciddi əziyyət çəkən hüquq müdafiəçisinin vəkillərinin müraciətinə baxmayaraq, o, tibb məntəqəsinə köçürülməyib. 

Artıq nüfuzlu xarici təşkilatlar İ.Əliyevin səhhəti ilə bağlı narahatlıqlarını bildirirlər.  “Freedom House” hüquq-müdafiə təşkilatı HMC rəhbərinin səhhətinin pisləşməsi ilə əlaqədar bəyanat verib. Bəyanatda Azərbaycan hakimiyyətindən hüquq müdafiəçisinə tibbi yardım göstərilməsi tələb olunur: “Azərbaycan hakimiyyətinin uydurma ittihamla 7 il yarım azadlıqdan məhrum edilmiş hüquq müdafiəçisi İntiqam Əliyevə tibbi yardım göstərməkdən imtina etməsi, qeyri-insani davranışdır. Hazırda belindəki xəsarət səbəbindən o, otura və normal hərəkət edə bilmir ki, bu da ona böyük əziyyət verir. İntiqam Əliyevlə bu cür rüsvayçı davranış 2009-cu ildə Rusiyada Sergey Magnitskinin işini xatırladır. Odur ki, biz Azərbaycan hakimiyyətindən tələb edirik ki, bütün digər siyasi məhbuslar kimi İ.Əliyev dərhal zəruri tibbi yardımla təmin edilsin”.

İntiqam Əliyevin vəkili Fəxrəddin Mehdiyev onunla mayın 27-də görüşdüyünü bildirdi: “İntiqam müəllim bu məsələnin qabardılmasını istəmir. Mayın 27-də görüşərkən mənə dedi ki, onu sevən insanlar narahat olur. İstəmir ki, kimsə ona görə narahat olsun. Səhhətində problemlər mövcuddur və qalmaqda davam edir. Görüşümüzdə apellyasiya şikayəti ilə bağlı müəyyən müzakirələr oldu. Bilirəm ki, onun səhhəti yaxşı deyil. Hesab edirik ki, bu məsələni ictimailəşdirmək vacibdir. Müəyyən müalicələr olur. Amma o şəraitdə bu müalicələrin effekti yoxdur. Narahatlığı hiss edirdim. Oturanda, gəzəndə daha çox hiss olunur. Təcridxanada heç bir müalicədən söhbət gedə bilməz. Ümumi saxlanma şəraitindən elə də ciddi narazılığı yoxdur. Apellyasiya şikayətini çoxdan vermişik. Yəqin ki, yaxın günlərdə bizə məlumat veriləcək”.

Hüquq müdafiəçisinin qızı Nərmin Kamilsoy atası ilə mayın 28-də görüşdüklərini söylədi: “3 həftə aradan sonra atamla görüşdük. Səhhətində, xüsusilə, belində ciddi problemlər var. Uzun  müddət eyni vəziyyətdə qala bilmir. Şüşə arxası görüşdük. Hündür olduğuna görə, ayaqüstü danışmağa məcbur idik. Amma atam tez-tez otururdu. Ayaqüstə dayana bilmirdi. Vəkillərin müraciətlərinə baxmayaraq, tibb məntəqəsinə köçürülmədi. Müalicə kamera şəraitində getdi və bunun üçün heç bir effekti olmadı. Görüşümüz iki saat çəkdi. Atam həmişə olduğu kimi, yenə də səhhətindəki problemlərin qabardılmasını istəmir. Onunla bağlı narahat olan insanlara təşəkkürünü bildirdi”.

Qaynar.info