Xəbər lenti

Xərçəng erası başa çatır? - İngiltərədə mRNT peyvəndinin klinik sınaqlarına başlanıldı
Dünya 13:59 04.06.2024

Xərçəng erası başa çatır? - İngiltərədə mRNT peyvəndinin klinik sınaqlarına başlanıldı

İlk xəstə İngiltərədə fərdiləşdirilmiş xərçəng peyvəndlərinin inkişafını sürətləndirməyə yönəlmiş yeni təşəbbüs çərçivəsində bağırsaq xərçənginə qarşı mRNT peyvəndi əldə edib.

Qaynarinfo xəbər verir ki, "Xərçəng Peyvəndi Başlama Platforması” kimi tanınan proqram minlərlə xəstəyə xərçəng müalicəsində inqilab yarada biləcək eksperimental vaksinlərin klinik sınaqlarında iştirak etməyə imkan verəcək.

55 yaşlı universitet müəllimi və dörd uşaq atası Elliot Febve kolorektal xərçəng diaqnozu qoyulduqdan sonra mRNA peyvəndi alan ilk xəstə olub. Şişin çıxarılması üçün əməliyyatdan və kimyaterapiyadan sonra Febveyə tədqiqatda iştirak etmək təklif olunub. O qeyd edib ki, bu layihədə iştirak onun peşəsinə və digər insanlara kömək etmək istəyinə uyğundur.

Febvenin eksperimental peyvəndi aldığı xəstəxana İngiltərədə proqramda iştirak edən 30 xəstəxana arasındadır. Tezliklə digər tibb müəssisələri də onlara qoşulacaq.

COVID-19 pandemiyası zamanı uğurla istifadə edilən mRNA vaksin texnologiyası indi fərdiləşdirilmiş xərçəng peyvəndi yaratmaq üçün istifadə olunur. Bu peyvəndlər xəstələrin spesifik şişlərini hədəf alaraq onların effektivliyini xeyli artırır. Melanoma və beyin xərçənginə qarşı mRNT vaksinlərinin son sınaqları ümidverici nəticələr göstərib.

Xərçəng Peyvəndi Başlama Platforması proqramı xəstələrin klinik sınaqlara cəlb edilməsi prosesini asanlaşdıracaq və daha çox insana ən son müalicə texnologiyalarına çıxış imkanı verəcək. NHS-in baş icraçı direktoru Amanda Pritçard ölkənin səhiyyə sisteminin belə genişmiqyaslı tədqiqatlar aparmaq üçün unikal qabiliyyətini vurğulayıb.

mRNT peyvəndləri xəstənin immun sistemini xərçəng hüceyrələri ilə əlaqəli zülallara qarşı antikor istehsal etmək üçün stimullaşdırır. Bu məlumatlar şiş toxumasını təhlil etməklə əldə edilir. Cərrahiyyə, radiasiya terapiyası və digər müalicə üsulları ilə birləşdirildikdə, peyvəndlər qalıq şiş hüceyrələrini məhv etməyə və təkrarlanma riskini azaltmağa kömək edə bilər.

Böyük Britaniyanın Cancer Research-in tədqiqat və innovasiya üzrə icraçı direktoru Yan Foulkes xərçəng xəstələrinin həyat keyfiyyətinin və uzunluğunun yaxşılaşdırılmasında klinik sınaqların əhəmiyyətini qeyd edib. Böyük Britaniya hökuməti 2030-cu ilə qədər 10.000 xəstəni fərdiləşdirilmiş xərçəng müalicəsi ilə təmin etmək üçün BioNTech ilə əməkdaşlıq edir. Proqramın digər xərçəng növlərinə, o cümlədən mədəaltı vəzi xərçənginə də genişləndirilməsi planlaşdırılır.

Özü ağır günlər yaşamış Elliot Febve yeni müalicələrin minlərlə insanın ağır sınaqlardan qaçmasına kömək edəcəyinə ümid etdiyini söyləyib. Sınaq uğurlu olarsa, bu, milyonlarla xəstəyə ümid və sağalma imkanı verəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->