Qondarma "hərbi-mülki administrasiya rəhbərinin müavini” Kirill Stremousov bildirib ki, Xerson vilayətinin rəhbərliyi bölgənin Rusiyanın tərkibinə daxil edilməsi xahişi ilə Vladimir Putinə müraciət edəcək.
Qaynarinfo bu barədə "Ria Novosti”yə istinadla xəbər
verir.
"Xerson şəhəri Rusiyadır, Xerson vilayətinin ərazisində heç bir XXR (Xerson Xalq Respublikası. - Red.) yaradılmayacaq, referendum keçirilməyəcək. Bu, rəhbərliyinin müraciəti əsasında vahid fərmanla baş verəcək. Xerson vilayətinin Rusiya Federasiyasının tam hüquqlu bölgəsinə daxil edilməsi xahişi ilə bağlı Rusiya Federasiyasının prezidentinə müraciət olunacaq", - o deyib.
Stremousov əlavə edib ki, ilin sonuna qədər region tamamilə Rusiya qanunvericiliyinə keçəcək.
Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "hərbi-mülki administrasiya rəhbərinin müavininin” bəyanatlarını şərh edərək bildirib ki, Xerson vilayətinin Rusiyanın tərkibinə daxil olub-olmayacağını onun sakinləri müəyyənləşdirməlidir.
"Birincisi, belə bir müraciətin olub-olmamasına Xerson vilayətinin sakinləri qərar verməlidirlər. Və məhz Xerson vilayətinin sakinləri öz müqəddəratlarını təyin etməlidirlər. Təbii ki, bu məsələ hüquqşünaslar və hüquq ekspertləri tərəfindən diqqətlə yoxlanılıb qiymətləndirilməlidir, çünki Krımda olduğu kimi bu cür taleyüklü qərarlar tamamilə aydın hüquqi əsasa malik olmalı, tamamilə qanuni olmalıdır”, - Kreml sözçüsü bildirib.
Nizami Bağırov