Siyasət 15:12 06.12.2023

Xəzərin yeni statusu: Rusiya qazandı, yoxsa hamı? (ŞƏRH)

"Bu görüş göstərdi ki, Xəzərlə bağlı olan bütün iqtisadi, siyasi və hüquqi maraqlar birgə müdafiə olunacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskvada keçirilən görüşünü şərh edərkən deyib.

Politoloq bildirib ki, Xəzəryanı ölkələrin XİN başçılarının Moskva görüşündə müzakirə olunan məsələlər əslində zaman-zaman gündəmdə olub:
 


"Moskvanın təklifi əsasında toplanan bu görüş daha çox Rusiyanın siyasi maraqlarının qorunması fonunda digər 4 dövlətin də Xəzər dənizindəki hərbi və hüquqi cəhətdən maraqlarını qorumağa xidmət edir. Rusiya bu məsələyə uzun müddət ciddi diqqət ayırmayıb. Düzdür, Xəzərin statusu məsələsində razılaşma əldə olundu. Azərbaycanla Türkmənistan arasındakı narazılıqlar həllini tapdı. İran da ümumi mövqeyə gəldi. 

Moskvada baş tutan sonuncu görüş daha çox sülhpərvər şəraitdə keçdi. Hazırda Xəzər məsələsində qarşıdurmaya xidmət edən maraqlar gözə dəymir. Birgə maraqlar daha çoxdur. Görüş fonunda ümumi sənəd qəbul olundu. Ən azından Xəzərdə olan bütün iqtisadi, siyasi, hüquqi maraqlar birgə müdafiə olunacaq”. 
 
Qeyd edək ki, dünən Moskvada Xəzəryanı 5 ölkənin XİN rəhbərləri Moskvada toplantı keçiriblər. Görüş əsasında Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan xarici işlər nazirləri Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirləri haqqında sazişin yaradılması üzrə danışıqların intensivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər. 

Nazirlər beştərəfli saziş layihələrinin təsdiqini başa çatdırmaq üçün danışıqlar prosesinin intensivləşdirilməsinin zəruriliyini qeyd edirlər. Nazirlər həmçinin Xəzər dənizinin dəniz mühitinin vəziyyətinin monitorinqi, qiymətləndirilməsi və məlumat mübadiləsi haqqında Tehran Konvensiyasının protokol layihəsi üzərində işin davam etdirilməsinin vacibliyini vurğulayıblar. 

Rüfət Sultan