
İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin nəvəsi Zəhra Eşraqi “Əşşərqül-osət” qəzetinə müsahibəsində şəxsi maraqlarından, musiqidən və İranda hicaba münasibətindən danışıb.
“Media forum” saytının məlumatına görə, Zəhra Eşraqi deyib ki, hökumətin hicabsızlığa qarşı mübarizəsi nəticə verməyib: “Mən qadınları irşad etmək məqsədi ilə hicab polisinin küçələrdə gəzib vəziyyətə nəzarət etməsinə qarşıyam. Bu kimi hərəkətlər heç bir problemin həllinə yardım etmir. Hesab edirəm ki, ümumiyyətlə irşad və hicab polisi ləğv edilməlidir.
İranda bir çox şeylər barədə, o sıradan da hicab məsələsi haqda konkret və möhkəm bir qanun yoxdur. İslam respublikasında hər şey baş verə bilər. Vaxtilə Sistemin Məsləhətini Müəyyənləşdirən Qurum da elə buna görə yaranıb. Misal üçün, bir vaxtlar həccə getməyi də ləğv etmişdilər və həcc ziyarətinin dayandırılmasını sistemin məsləhəti üçün vacib saymışdılar.
Hicabın özünə gəldikdə, gərək onun cazibəsi olsun. Misal üçün, yaxşı olar ki, qara çarşab yerinə şən və açıq rənglərdən istifadə olunsun. Yoxsa bəzilərinin estetik qaydalara uyğun olmayan geyindiyi hicab növü insanları hicaba cəzb etmək əvəzinə onları ondan uzaqlaşdırır. Çox istərdim ki, bu məsələdə ön cərgədə gedib bir sıra tabuları sındıra bilim. Lakin buna müvəffəq olmamışam. Güman edirəm ki, Ruhani hökuməti bunun üçün yaxşı fürsətdir”.
Zəhra Eşraqi “Sizin evdə peyk anteni varmı, varsa, hansı qadın müğənnilərin mahnılarına qulaq asır və ya xarici verilişlərə baxırsınız” sualına belə cavab verib: “Bəli, bizim evdə peyk anteni var və daha çox Hollivudun ən yeni filmlərini yayan NBC telekanalına baxıram. Türkiyənin “Möhtəşəm yüz il” serialını da izləyirəm.
Müğənnilərə gəldikdə, Ququşu sevdiyimi deyə bilmərəm. Desəm, hay-küy qopar. Lakin Haidə və Məhəstinin səsini bəyənir, mahnılarını dinləyirəm. Güman edirəm ki, Haidə və Məhəsti (Haidə və Məhəsti bacıları islam inqilabından sonra Amerikaya mühacirət edən Azərbaycan əsilli müğənnilərdir. Haidə 1990-cı ildə, Məhəsti isə 2007-ci ildə vəfat edib – red. ) İran musiqisinin inciləridir.
Pop musiqisini də bəyənirəm. Lakin bəzi yeni mahnıları xoşlamıram. Uşaqlarım da mənim kimidirlər. Onların da zövqü mənim zövqümə yaxındır. Nəhayət, bunu deyə bilərəm ki, musiqisiz həyatın mənası yoxdur. Musiqisiz və incəsənətsiz həyat ruhsuz bir həyatdır”.
Qaynar.info