
Müsavat funksionerinin azadlığa çıxması üçün plan və təkliflər müzakirə edildi
Bu gün Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun Hüquqlarının Müdafiə Komitəsi toplanıb. Toplantıda Müsavat Partiyası rəhbərliyi, vəkillər, jurnalistlər, hüquq müdafiəçiləri iştirak ediblər. Toplantının əsas məqsədi Yadigar Sadıqovun hüquqlarının müdafiəsi istiqamətində növbəti addımları planlamaq olub.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Yadigar bəyin müdafiəsi sahəsində etiraz aksiyaları, flaşmoblar keçirməyi təklif edib. Daha sonra Y.Sadıqovun vəkili Xalid Bağırov danışıb. O, tezliklə beynəlxalq təşkilat “Amnesty İnternational”ın Yadigar bəyi vicdan məhbusu elan etməsinin vacibliyini vurğulayıb.
Daha sonra “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı müəyyən təkliflər irəli sürüb. O, Yadigar Sadıqovun azadlığı uğrunda bölgələrdə də heç olmasa piketlərin keçirilməsinin müsbət effekt verəcəyini deyib: “Yadigar bəyin qanunsuz həbsi ilə bağlı beynəlxalq və yerli təşkilatlarla ciddi işləmək, onları məlumatlandırmaq, ciddi addımlar atmalarını təşkil etmək lazımdır. Azərbaycandakı Avropa səfirləri ilə mütəmadi olaraq görüşmək, işləmək, problemi onlara çatdırmaq lazımdır. Prosesdə iştirak edən şahidlərlə bağlı jurnalist araşdırması aparmaq lazımdır. Məsələn Yadigar bəyin gedib ailəsini ziyarət edəndə, bir də yalançı şahidlərin ailəsini ziyarət etmək lazımdır. Çünki onlar da bu işin qurbanına çevrilib. Həmin şahidlərin hansı vəziyyətə düşmələrini onların, ətrafın diqqətinə çatdırmaq lazımdır. Bir də Lənkəranda, eləcə də digər bölgələrdə piketlər təşkil etmək olar. ”
Komitə sədri Elman Fəttah Avropa parlamentinin nüfuzlu deputatlarına müraciətlər hazırlanacağını dedi.
Sonda vəkil Xalid Bağırov bir maraqlı təklif irəli sürdü: “AŞPA-nın yanvar sessiyasında Müsavat Partiyasından nümayəndələr ora gedə bilər. Həmin deputatlarla çalışıb görüşmək lazımdır. Hesab edirəm ki, bizim cəmiyyət çox nüfuzlu bir şəxsi tərəfinə keçirilməlidir. Hansısa bir Nobel mükafatı almış aktyoru , yazıçını Azərbaycanda siyasi məhbusu təbliğ edən bir səfirə çevirməyi bacarmalıyıq. Biz Azərbaycandakı real vəziyyətlə onları tanış edə bilsək, bu sahədə müsbət addımlar atmış olacağıq. ”
Tədbir boyunca maraqlı təkliflər, müzakirə və məsləhətləşmələr oldu, onların bir çoxu müsbət qiymətəndirildi. Yekunda yerli hüquq müdafiəçilərinə və beynəlxalq insan haqları üzrə təşkilatlara müraciət qəbul olundu.
musavat.com