
Elman Fəttah: "Apelyasiya şikayətindən sonra Yadigar Sadıqov Şüvəlan təcridxanasına köçürüləcək"
Yanvarın 13-də Lənkəran Rayon Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqova 6 il müddətinə həbs qərarı çıxarılmışdı. Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttahın verdiyi məlumata görə, məhkəmənin həmin qərarıyla bağlı apellyasiya şikayəti veriləcək.
O, məhkəmənin qərarı hələ vəkilə təqdim olunmadığına görə apellyasiya şikayəti vermədiklərini söyləyib: ”Yanvarın 18-də Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsi toplandı. Toplantıda əsas mövzular bu qanunsuz həbslə bağlı beynəlxalq təşkilatlara müraciət etmək, bölgələrdə piketlər keçirmək və başqa məsələlər oldu. Yekunda yerli hüquq müdafiəçilərinə və beynəlxalq insan haqları üzrə təşkilatlara müraciət edildi. Vəkil hökm qərarını gözləyir. Qərar əldə olunduqdan sonra şikayətləri hazırlayıb, apellyasiya məhkəməsinə verəcəyik. Bundan sonra məhkəmənin günü bəlli olacaq. Şikayət etmək üçün fevralın 13-nə qədər vaxtımız var. Möcüzə baş verməsə, apelyasiya da bu qanunsuz hökmü yəqin ki, qüvvədə saxlayacaq. Bundan sonrakı fəaliyyətimiz Yadigar bəyin ən qısa zamanda azadlığına nail olmaq yönündə olacaq. Vəkil hüquqi prosedurlar üzrə şikayəti Avropa Məhkəməsinə çıxaracaq. Komitə insan haqları təşkilatları, səfirliklər, beynəlxalq təşkilatlar və avropalı deputatlarla yazışmalar və görüşlər keçirəcək. Onların qarşısında siyasi məhbus olan Yadigar Sadıqovun azad edilməsinin rejimdən qəti şəkildə tələb etmələri məsələsini qaldıracağıq”.
Elman Fəttah apelyasiya şikayəti verildikdən sonra Yadigar Sadıqovun Şüvəlan təcridxanasına köçürüləcəyini deyib: “Yadigar bəy hazırda Kürdəxanı təcridxanasındadır. Onun qanunsuz həbsi ilə bağlı apellyasiya şikayəti verildikdən sonra məcburi qaydada Şüvəlan təcridxanasına köçürüləcək. Onu da deyim ki, Şüvəlan təcridxanasında dustaq üçün bərbad şərait var. Apellyasiya yekunlaşandan sonra cəzaçəkmə müəssisəsinə köçürüləcək”.
Xatırladaq ki, Y.Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. R.Kərimov bildirib ki, iyunun 25-də Y.Sadıqov onu döyüb. R.Kərimovun müraciəti KİV-lərdə yayılıb və onun əsasında Lənkəran rayon Polis İdarəsi Y.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb./musavat.com