
Müsavat başqanının müşaviri Ramil Usubova müracət edib
Bir neçə gün öncə Müsavat başqanının müşaviri Yadigar Sadıqovun məhkəməsi təxirə salınıb. Məhkəmənin təxirə salınmasından sonra isə ortaya maraqlı faktlar çıxıb.
Lənkərandan Qaynar.info-ya daxil olan məlumata görə, hazırda həbsdə olan Yadigar Sadıqovun məhkəməsində sürprizlər davam edir.
Belə ki, son iclasa qədər şahidlərin şübhəli ifadələri ilə davam edən prosesə daha bir fakt əlavə olunub.
Məlumatda bildirilir: "İstintaq dövründə şahidlər, Lənkəran rayonu Boladi kənd sakinləri, məhkəmədə ziddiyətli, yalan ifadə verdikləri diqqət çəkən Cavadov Əbülfət Nuru oğlu və Hüseynov Rəşid Ağaxan oğlu ilə üzləşdirmə prosesinin video çəklişləri yoxa çıxıb. İşi aparan Lənkəran PŞ müstəntiqi Nizami Məhərrəmov videonun köçürülməsi zamanı texniki xəta üzündən məhv olduğunu bildirib və bu üzdən həmin faktlar istintaq işinə əlavə edilməyib. Lakin Yadigar Sadıqov bunun qəsdən, şahidlərin yalanının ört-basdır olunması məqsədi ilə edildiyini bildirərək daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi ilə müraciət edib. O, nazirdən müstəntiq Nizami Məhərrəmov haqqında ölçü götürülməsini tələb edib".
Xatırladaq ki, dekabrın 12-də məhkəmə iclası keçirilməli idi. Lakin havanın qarlı olması vəkil Xalid Bağırovun məhkəməyə gəlməsini əngəlləyib. Bu üzdən növbəti məhkəmə 23 dekabr saat 15:00-a təyin edilib.
Qaynar.info