
Ukraynanın vəzifədən kənarlaşdırılmış prezidentinin çemodanlarını helikopterə yükləməsi kadrları yayılıb
Ukraynada parlament tərəfindən prezident vəzifəsindən kənarlaşdırılan Viktor Yanukoviçin Kiyevdən qaçmasını əks etdirən kadrlar yayılıb. ANS PRESS-in məlumatına görə, Yanukoviçi Kiyevdən çıxaran helikopterin havaya qalxması təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Kadrların Yanukoviçin parlament tərəfindən vəzifəsindən kənarlaşdırıldıqdan bir neçə saat sonra onun Kiyevdəki iqamətgahının önündə qeydə alındığı bildirilir. İki helikopter iqamətgahın həyətinə enib və Viktor Yanukoviç yanındakı adamlarla birlikdə çemodanlarını helikopterlərə yükləyib. Bəzi mənbələr həmin çemodanlarda 650 milyon dollar pulun olduğunu xəbər verir.
Yanukoviçin əvvəlcə Xarkova getdiyi bildirilsə də, sonradan Ukrayna Sərhəd Xidməti onun Donetsk şəhərindən çarter reysi ilə qeydiyyatsız olaraq ölkədən çıxmasının qarşısının alındığını və zirehli avtomobillə naməlum istiqamətdə getdiyini açıqlamışdı.