Yaponiya regionda Çin, Şimali Koreya və Rusiyadan artan təhlükəsizlik təhdidləri səbəbindən planlaşdırılandan bir il tez, 2025-ci ildə ABŞ-dan "Tomaqavk” qanadlı raketlərini almağa qərar verib.
Qaynarinfo Kyodo-ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Minoru Kihara Pentaqonun rəhbəri Lloyd Ostinlə görüşdən sonra
bildirib.
Yaponiya, ehtiyac yaranarsa, düşmən bazalarını vura bilmək üçün təxminən 1600 km mənzilli 400 ədəd "Tomaqavk” almağı planlaşdırır.
Ostin və Kihara "yekdilliklə” razılaşıblar ki, raket tədarükü 2025-ci ilin aprelində başlayacaq. Yaponiyalı nazir qeyd edib ki, alış hələ ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir və bu səbəbdən hər iki tərəf rəsmi razılıq barədə məlumat vermir.
Yaponiya əvvəlcə Dəniz özünümüdafiə qüvvələrinin "Aegis” esmineslərində yerləşdirilməsi üçün 2026 və 2027-ci maliyyə illərində ən son "Tomaqavk” Block-5 raketlərini almağı planlaşdırırdı.
İndi isə 2025-2027-ci maliyyə illəri ərzində ilkin olaraq 200-ə qədər əvvlki mədelli raket almağı planlaşdırır. Raketlərin qalan hissəsi isə daha yeni raketlər olacaq və ilkin cədvələ uyğun olaraq Yaponiyaya çatdırılacaq.
Kihara izah edib ki, cədvəldəki dəyişiklik "ölkənin müdafiə qabiliyyətinin sürətli və köklü şəkildə gücləndirilməsinə töhfə verəcək”.
Danışıqların nəticəsini şərh edən Ostin "ABŞ-Yaponiya ittifaqında tarixi bir an gəldiyini" söyləyib.
O qeyd edib ki, "Çinin aqressiv davranışına, Şimali Koreyanın təhlükəli təxribatlarına və Rusiyanın Ukraynaya qarşı müharibəsinə” cavab olaraq bu ittifaqı daha da gücləndirmək istəyir.
Təxminən bir saat davam edən görüşdə müdafiə nazirləri açıq, azad və qaydalara əsaslanan Hind-Sakit okean regionunun ən yaxşı şəkildə necə qorunacağı da daxil olmaqla, gələcək illər üçün Yaponiya və ABŞ hərbi prioritetlərini müzakirə ediblər.
Kihara Ostinə bildirib ki, Yaponiya və Birləşmiş Ştatlar status-kvonu güc yolu ilə dəyişdirmək cəhdlərinə qarşı "alyansın qabiliyyətini gücləndirməlidirlər", çünki buna dünyanın heç bir yerində dözmək olmaz.
Qeyd edək ki, keçən ilin iyulunda Yaponiyanın Müdafiə Nazirliyi milli təhlükəsizlik təhdidləri ilə bağlı illik hesabatını açıqlayıb və bu hesabatda Rusiyanın Ukraynaya qarşı müharibəsindən də bəhs edilib. Rusiyanın təcavüzünə görə Yaponiyada ilk dəfə konstitusiyaya dəyişiklik edilə bilər. Söhbət ölkənin müharibədən imtina etdiyini bəyan edən 9-cu maddəyə düzəlişlərdən gedir.
Nizami Bağırov