Xəbər lenti

Yaxın Şərqdə alovlanan müharibə Ukrayna-Rusiya savaşının gedişatına təsir edəcək? (ŞƏRH)
Dünya07:21 14.10.2023

Yaxın Şərqdə alovlanan müharibə Ukrayna-Rusiya savaşının gedişatına təsir edəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İsrail-Fələstin savaşı meydana çıxandan istər-istəməz Ukraynanı dəstəkləyən qüvvələr arasında parçalanma baş verib”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev İsrail Fələstin savaşının alovlanması fonunda ABŞ-ın Ukraynaya dəstəyinin azalması, hətta dayandırılması ehtimalına toxunarkən deyib.
Cümşüd Nuriyev bildirib ki, burda fərqli mövqe və maraqlar var:
"ABŞ birmənalı şəkildə İsraili dəstəkləyir və onun yanındadır. Avropa İttifaqında da parçalanma yaranıb. Bəziləri Ukraynaya köməyi davam etdirmək istəyir, digərləri də İsrail, bir qismi isə Fələstini dəstəkləyir. Yəni, Qərbdə hazırda vahid mövqe yoxdur. Fələstin-İsrail savaşı Rusiya-Ukrayna müharibəsini ikinci cərgəyə keçirib. Çünki informasiya müharibəsində artıq Ukrayna uduzmağa başlayır. Digər tərəfdən, Ukrayna Rusiya müharibəsi çox uzandığından bir növ effektivliyini də itirir. Nəticədə Kiyevin yanında olan qüvvələr tədricən çəkilməyə başlayırlar. Bu mənada, Yaxın Şərqdə baş verən hadisələrin Ukrayna savaşına böyük təsiri var”. 
Həmsöhbətimiz düşünür ki, İsrail-Fələstin müharibəsinin yeni mərhələyə keçməsi ehtimalı Ukrayna məsələsinin daha da arxa plana keçməsilə nəticələnəcək:
"Bu fonda ABŞ İran qarşıdurması da gündəmə gələ bilər. Müharibə Azərbaycan sərhədlərinə də yaxınlaşacaq. Yaxın Şərqdə cərəyan edən proses bütün hallarda İsrailin tam qələbəsilə başa çatacaq. Fələstin lazımsız və şərqsayağı yekəxana addımlar atmasının cəzasını alacaq”. 
Qeyd edək ki, son zamanlar ABŞ-da hökumətlə qanunverici orqan arasında Ukraynaya yardım məsələsində müəyyən fikir ayrılığı yaranıb. Konqresin alt palatasındakı respublikaçı çoxluq ölkənin dövlət büdcəsinin illik deyil, 45 günlük müddətə olan xərclərinin maliyyələşdirilməsi layihəsini Ukraynaya hərbi-maliyyə yardımı bəndi olmadan təsdiqləyib. Bundan sonra Ağ Evin Kiyevə dəstəyinin dayandırılacağına dair fikirlər səslənməyə başlayıb. Eyni zamanda, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov da bildirib ki, İsrailə silah tədarükü əks-hücum əməliyyatına mənfi təsir göstərə bilər. 
Rüfət Sultan