Xəbər lenti

Dünya 21:31 28.10.2024

"Yaxın Şərqin sərhədləri yenidən cızılır, özü də qanla.." - Ekspert

"HƏMAS tam olaraq Fələstin tarixindən gedəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu HƏMAS-ın İsraillə Qəzza mövzusunda razılaşmaya açıq olduğu barədə məlumatı şərh edərkən deyib. 

Ekspertin fikrincə, bu açıqlamalarda stabil sülhün yaradılmasından söhbət getmir:

"HƏMAS-ın İsraillə Qəzza mövzusunda razılaşmaya açıq olduğu xəbərilə yanaşı, Misir prezidenti Sisi iki günlük atəşkəsin əldə olunması və bu müddətdə əsir və girovların azadlığa buraxılması təklifilə də çıxış edib. HƏMAS bundan əvvəl də dəfələrlə bəyan edib ki, İsraillə atəşkəsə hazırdır. Lakin Təl-Əviv atəşkəsi qəbul etməyib, əksinə əməliyyatları daha da şiddətləndirib. Bu açıqlamaların heç birində stabil sülhdən söhbət getmir. Söhbət yalnız atəşkəsdən gedir. Bunun özü də əslində ciddi problemin olduğunu göstərir", deyə Rufiz Hafizoğlu bildirib.
 


Həmsöhbətimiz düşünür ki, hazırda bölgədə vəziyyət bir qədər fərqlidir:
 
"Netanyahunun hərbi kabineti HƏMAS-ı məhv etməyə nail olduğunu düşünür. HƏMAS artıq əvvəlki qüvvə deyil. Bu nöqteyi-nəzərdən, Təl-Əviv düşünür ki, atəşkəs ola bilər. Lakin onlara görə atəşkəs HƏMAS-ın təklifləri üzərində olmamalıdır. İsrail HƏMAS-ın nə siyasi, nə də hərbi baxımdan Fələstində fəaliyyətini qəbul etmir. HƏMAS tam olaraq Fələstin tarixindən silinəcək. Amma onun gedişilə HƏMAS-a alternativ qurumun Qəzzanı idarə edib-edə bilməyəcəyi ciddi sual doğurur. HƏMAS-la FAT arasında da bir şifani anlaşmanın şahidi oluruq. Ona əsasən HƏMAS bir şərtlə Qəzzanın siyasi hakimiyyətindən gedə bilər ki, Mahmud Abbas adminstrasiyasına bağlı qüvvələr burada olacaq və onların təyinatı birbaşa HƏMAS-la məsləhətləşmələrlə mümkün olacaq. Ancaq bu şərtə Abbas adminstrasiyası və İsrailin razılıq verib-verməyəcəyi ciddi sual doğurur. Dolayısı ilə atəşkəs əldə oluna bilər. Ancaq bu Yaxın Şərqdə sülhün əldə olunması anlamına gəlmir. Yaxın Şərqin sərhədləri yenidən cızılır, özü də qanla. İsrail hələ də tam olaraq öz sərhədlərini konkretləşdirməyib. Bu olmadıqca da bölgədə sülhdən, stabillikdən və birgə yaşamadan söhbət gedə bilməz". 

Qeyd edək ki, "Times of Israel"in məlumatına görə, Fələstin hərəkatının yüksək vəzifəli nümayəndəsi HƏMAS-ın İsraillə Qəzza mövzusunda razılaşmaya açıq olduğunu bəyan edib. "Bizim tələblərimiz aydındır. Əgər Netanyahu daha əvvəl razılaşdırılan öhdəlikləri yerinə yetirməyə razı olsa, saziş mümkündür", deyə HƏMAS-ın Qətərdəki Siyasi Bürosunun üzvü bildirib. 

Xəbərdə həmçinin qeyd olunur ki, Misir prezidenti Sisi döyüşlərin iki gün dayandırılmasını və dörd israilli girovun bir neçə fələstinli məhbusla dəyişdirilməsini təklif edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->