Ekvadorun Londonda yerləşən səfirliyində yaşayan "WikiLeaks" qurucusu Culian Assancın interneti kəsilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qərar Ekvador prezidenti Lenin Moreno tərəfindən verilib və səbəb kimi Kataloniyanın sabiq və separatçı prezidenti Karles Puçdemon ilə bağlı atdığı "tvit" göstərilib. "Tvit"də deyilir:
"1940-cı ildə Kataloniya lideri Luis Kompanis Gestapo tərəfindən tutuldu, İspaniyaya təhvil verildi və edam edildi. Bu gün alman polisi Kataloniya lideri Karles Puçdemonu İspaniyanın tələbi ilə həbs etdi və təhvil verəcək".
Assancdan bu tviti silmək tələb edilib. Onun zəng etmək, mediaya açıqlama vermək, kimləsə görüşmək hüququ da əlindən alınıb.
Qeyd edək ki, Kataloniyanın sabiq lideri ərazidə müstəqillik referendumu keçirərək İspaniyadan ayrılmaq barədə qərar qəbul edib. İspaniya höküməti bu addımı qeyri-qanuni hesab edərək Puçdemon barədə həbs qərarı verib.
"WikiLeaks" vasitəsilə bir çox məxfi məlumatları dərc edən Culian Assanc 2012-ci ildə Britaniya polisindən qaçaraq Ekvador səfirliyindən sığınacaq alıb. Əgər o, səfirlik binasını tərk etsə, dərhal həbs ediləcək.
Gülşən