"İdman stilində məktəbli forması ciddiliyi aradan qaldıracaq və tədrisin keyfiyyətinə mənfi təsir göstərəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda idman tərzində yeni məktəbli formalarının istifadəyə verilə biləcəyilə bağlı informasiyanı dəyərləndirərkən deyib:
"2011-ci ildə qəbul olunan orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsinə görə, bu təhsil ocaqlarında məktəbli forması tövsiyə olunur. Bunun əsas səbəbi şagirdlər arasında sosial bərabərliyi təmin etməkdən və dərs prosesində uşaqların diqqətinin yayınmasının qarşısını almaqdan ibarətdir”.
Ekspertin fikrincə, idman stili deyil, dağlıq və dağətəyi ərazilər üçün isti geyimli məktəbli formalarının hazırlanmasına üstünlük verilməlidir:
"Təhsil prosesi ciddi prosesdir. Burada standart geyim növlərindən istifadə edilməsi tövsiyə olunur. Ona görə ki, Azərbaycanın 9 iqlim qurşağı var. Dağlıq və dağətəyi zonalarda isti geyimlər daha çox üstünlük təşkil etməlidir. Amma təəssüf ki, məktəbli forması hazırlananda bu, nəzərə alınmır”.
Ekspert qeyd edir ki, mütəmadi olaraq məktəbli formalarının dəyişdirilməsi valideynlərin sosial vəziyyətinə mənfi təsir göstərir:
"Elə ailələr var ki, bir uşağın istifadə etdiyi formadan, növbəti illərdə digər uşağı istifadə edir. Belədə, prosedə mütəmadi dəyişiklik etməklə ailələri əlavə maliyyə xərcinə salmış oluruq. Ona görə də idman stilində məktəbli formasından ümumiyyətlə istifadə edilməməlidir. Bu yolverilməzdir. Müsbət qarşılanacaq təklif deyil”.
Qeyd edək ki, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva idman üslubunda yeni məktəbli formalarına keçid üçün Nazirlər Kabinetinə təkliflə müraciət etdiklərini bildirib. O iddia edir ki, klassik üslubda məktəbli formaları uşaqların sıxılmasına səbəb olur. İdman üslublu geyimlər isə uşaqların daha sərbəst hərəkətinə imkan verəcək.
Rüfət Sultan