Xəbər lenti

Yeni müharibə anonsu: Türkiyə, Rusiya və İran savaşa hazırlaşır? – Politoloq
Dünya10:44 02.06.2022

Yeni müharibə anonsu: Türkiyə, Rusiya və İran savaşa hazırlaşır? – Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada PKK/YPG terror təşkilatına qarşı  başladılacaq antiterror əməliyyatının siqnalını verib.
Ərdoğan cənub sərhədləri boyunca 30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq qərarının yeni mərhələsinə daxil olduqlarını bildirib."Tel Rıfat və Mənbiçi terrorçulardan təmizləyirik. Sonra yavaş-yavaş digər bölgələrdə də eyni şeyi edəcəyik. Görək, Türkiyənin bu qanuni təhlükəsizlik addımlarına kim dəstək olacaq, kim mane olmağa çalışacaq?! Hərf hiylələri ilə PKK-nı PYD, YPG edib və ya başqa adlar altında gizlədərək qanuniləşdirməyə çalışanlar bizi yox, özlərini aldadırlar",- deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti bəyan edib ki, cənub sərhədləri boyunca 30 kilometr uzunluğunda təhlükəsiz zonaları qurmaq üçün görülən işlər tezliklə tamamlanacaq:
”Ölkəmizə qarşı tez-tez hücumların mərkəzi olan ərazilər əməliyyat prioritetimizin başındadır. Türk Silahlı Qüvvələrimiz, kəşfiyyatımız, təhlükəsizlik qüvvələrimiz hazırlıqlarını tamamladıqdan sonra bu əməliyyatlar başlayacaq”. 
Xatırladaq ki, ABŞ Türkiyənin belə bir əməliyyat keçirməsinə qarşıdır. Buna  baxmayaraq, Ankaranın öz məqsədində israrlı olduğu hiss olunur. Türkiyə Suriyanın şimalına qoşun yeridəcəkmi? Bu baş verərsə, İran-Türkiyə qarşıdurması yarana bilərmi?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, Ankaranın bu əməliyyatı İranın istəyincə olmasa da, Tehran sadəcə prosesi kənardan izləməklə kifayətlənməli olacaq:
"Türkiyə öz cənub sərhədində PKK-nın aktivləşməsilə əlaqədar olaraq Suriyanın şimalında hərbi əməliyyat keçirəcək. Bu əməliyyata isə Türkiyənin əraziyə qoşun yeritməsi kimi baxmamalıyıq. Çünki qoşun yeridilməsi artıq müharibə elan etmək deməkdir. Türkiyənin bu əməliyyatı anlaşılan olmaqla yanaşı, BMT nizamnaməsinə də uyğundur. Türkiyə bu günə qədər Suriyada PKK terrorçularına qarşı 3 əməliyyat keçirib. Növbəti əməliyyat da yaxın zamanlarda baş tutacaq. Bu birmənalıdır”.
Ekspert qeyd edir ki, Ankaranın həmin addımına ABŞ və Rusiya maneə ola bilmədiyi halda, İranın belə bir niyyətdə bulunması ümumiyyətlə yersizdir: "Türkiyənin bu niyətinə nə Rusiya, nə də ABŞ maneə ola bilməyəcək. Onlar bu reallığı qəbul ediblər. İrana gəldikdə, o istəsə də, istəməsə də, reallıqla barışmalı olacaq. Çünki İranın Suriya ilə sərhədi yoxdur. Digər tərəfdən, İranın Suriyadakı iddiasının heç bir hüquqi əsası yoxdur. Tehranın arzusu beynəlxalq hüquqa da ziddir.
Əslində, İranın Suriyadakı fəaliyyəti bir növ cinayət xarakterlidir. Tehran PKK kömək etməklə Türkiyənin milli təhlükəsizliyinə problem yaradır. Ona görə Türkiyənin Suriyanın şimalına qoşun yeritməsindən İranın narazı qalmasınıa heç bir əsas yoxdur. Türkiyə belə məsələlərə əhəmiyyət verməyəcək və bu, İranla heç bir  qarşıdurmaya gətirib çıxarmayacaq. Türkiyə dövləti öz təhlükəsizliyinin müdafiəsilə məşğuldur”. 
Rüfət Sultan