Ekonomiks 15:05 30.03.2023

Yeni qərar köhnə avtomobillərin qiymətini bahalaşdıracaq?

"Qərar avtomobil idxalının azalmasına və köhnə maşınların qiymətinin bahalaşmasına gətirib çıxaracaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Nazirlər Kabinetinin buraxılış tarixinə görə müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsini məhdudlaşdıran qərarına münasibət bildirərkən deyib.
 
"Amma qərarın nəticəsində alternativ olmadığından sahibləri köhnə avtomobillərindən daha bərk-bərk yapışacaq. Bu əhval-ruhiyyə isə öz növbəsində daxili bazara, 10 ildən çox istismar müddəti olan avtomobillərin bazardakı dövriyyəsinə və qiymətinə təsir edəcək. Həmin avtomobillərin qiyməti bahalaşacaq. Yaranmış vəziyyətdə xaricdən avtomobil idxalı da azalacaq”, - deyə Ərşad Hüseynov qeyd edib.



Ekspertin fikrincə, bu üsulla tıxacın qarşısını almaq mümkün deyil:
 
"Qərarı verənlər yanlış olaraq düşünür ki, onunla tıxacın qarşısını ala bilərlər. Bu üsulla tıxacın qarşısını almırlar. Tıxac probleminin həlli üçün ictimai nəqliyyat inkişaf etməlidir. Qərarın əsas hədəfi guya ki, avtomobillərin ekoloji təsirlərini yaxşılaşdırmaq və yol hərəkəti təhlükəsizliyini artırmaqdır. Amma burada bir yanlışlıq var. Yanlışlıq odur ki, Azərbaycanda avtomobilləşmə səviyyəsi yüksək deyil. Ölkəmizdə hər 100 nəfərə 14 avtomobil düşür. Avropada isə bu rəqəm 60-dır. İctimai nəqliyyat bərbad olduğundan, fərqli mobillik vasitələrindən istifadə etmədiyimizdən kimin əlində nə varsa, ondan istifadə edirik. Rayonlarda avtomobil parkının 90 faizindən yuxarısı köhnə avtomobillərdir. Bu fonda qərarla köhnə avtomobillərin gətirilməsinin qarşısı ola bilsin alınsın”. 

Qeyd edək ki, hökumətin qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılacaq. Nazirlər Kabinetinin bu qərarı dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. 

Bu qərarın insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə verildiyi bildirilir. 

Rüfət Sultan