Bir sıra ölkələrdə müşahidə edilən uşaqların qara ciyər xəstəliyi Yaponiyada da qeydə alınıb.
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, hepatit və ya qara ciyərin iltihabı yaponiyalı uşaqda 21 apreldə qeydə
alınıb.
Kanadanın İctimai Sağlamlıq qurumu da uşaqlarda səbəbləri bilinməyən kəskin hepatit halları qeydə alındığını bildirib.
Hazırda dünyada uşaqlarda görülən 190 kəskin hepatit xəstəliyi təsdiqlənib. Onların əksəriyyəti Avropada, daha çox Böyük Britaniyada qeydə alınıb.
Xəstəlik həmçinin İsrail və Amerikada da qeydə alınıb. Yeni xəstəliyin aşkarlandığı uşaqların bəziləri o qədər pis vəziyyətdə olub ki, onlara yeni ciyər nəql olunub.
Dünya Səhiyə Təşkilatı yeni xəstəlikdən artıq bir nəfərin öldüyünü təsdiqləyib.
BMT sağlamlıq agentliyi isə xəstəliyin 1 ay və 16 yaş arası uşaqlarda göründüyünü bildirib.
Hepatit xəstəliyini adətən hepatit virusları yaradır. Ancaq indiyə kimi yeni hepatit aşkarlanan uşaqlarda bu viruslar aşkarlanmayıb. Yeni xəstəliyin əlamətləri sarılıq, ishal və qarın sancılarıdır.
Böyük Britaniya Tibbi Təhlükəsizlik qurumu xəstəliyin səbəbləri ilə bağlı bir nəzəriyyəni araşdırdıqlarını bildirib. Onların qənaətincə uşaqların pandemiya vaxtı mədə narahatlığı və soyuqdəymə yaradan adenovirusa az yoluxması onlarda daha kəskin xəstəliyin yaranmasına səbəb olub.
Şotlandiya tibb qurumu isə adenovirusun mutasiyaya uğrayıb-uğramadığını və ya onun Sars covid-2 virusu ilə tandem yaratma ehtimalını araşdırmağa başlayıb.
Böyük Britaniya rəsmiləri yeni xəstəliklə koronavirus peyvəndləri arasında əlaqə olmadığını bildirib. Çünki yeni xəstəliyin aşkarlandığı uşaqların heç biri peyvənd vurdurmayıb.
Nurlan Hüseynov