Dünyada insan sayı getdikcə artır və bu ölən insanların dəfni üçün nəzərdə tutulan yerlərin məhdudlaşmasına gətirib çıxarır.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Braziliyadan İsrailə qədər bir çox ölkədə cənazələr üçün hündürmərtəbəli binaların tikintisi nəzərdə tutulur.
Son 50 min ildə 101 milyard insanın yaşayıb dünyasını dəyişdiyi təxmin edilir. Hazırda dünyada 7 milyard insan həyatdadır və bu əsrin sonuna qədər onların öləcəyi gözlənilir ki, bu fakt insanların dəfn məsələsini gündəmə gətirir.
İnsan sayı artdıqca bəzi ənənəvi metodlar aradan qalxır. Hindistanda Zərdüştlər ölülərini kərkəs quşu tərəfindən yeyilməsi üçün açıq havada saxlayırdı. Lakin bu canlının sayının azalması metodun sıradan çıxmasına gətirib çıxarır. Əvəzində isə meyit gün altına çürümək üçün qoyulur.
Avropa ölkələrində 15-20 il sonra eyni məzarların istifadəsi mümkündür. Amma son illərdə Almaniya, İsveçrə, Avstriya kimi ölkələrdə cəsədlərin 30-40 il ərzində belə çürümədiyi aşkarlanıb və bunun səbəbi araşdırılır.
Hon Konqda isə canlılarla birlikdə ölülərə də yer tapmaq günbəgün çətinləşir. Yandırılan cəsədlərin saxlandığı vazalar üçün yer tapmaq artıq daha mümkünsüzdür. Tapılan yerlər isə olduqca bahadır.
Bütün bu problemlər şaquli formalı məzarlıq ideyasını gündəmə gətirib. Bu ideya cəsədlərin şaquli formada rəflərdə saxlanılmasını nəzərdə tutur və yerə qənaəti daha da mümkün edir. Şaquli məzarlıq binaları İsrail, Braziliya kimi ölkələrdə var. Oslo, Verona, Mexiko, Mumbay, Paris kimi şəhərlərdə də oxşar layihələrin həyata keçirilməsi gözlənilir.
Ölülərin yandırılmasına qarşı çıxan yəhudi və müsəlmanların yaşadığı bölgələrdə məzarlıq probleminin həlli daha vacib görünür. Çünki dəfn prosesi bu sürətlə davam etsə, insanların yaşaması üçün boş ərazi qalmayacaq.
Ölüləri binalarda saxlamaq ənənəsi orta əsrlər dövrünə təsadüf edir. Paris "Les Innocents" məzarlığında cəsədlər üst-üstə qoyulub. ABŞ-ın Luiziana ştatında yerləşən Roman Katolik məzarlığı "Ölülər şəhəri" adını alıb. 1983-cü ildə Braziliyanın Santon bölgəsində tikilin 32 mərtəbəli "Memorial Necrópole Ecumênica" məzarlığında 14 min cənazə var. Bunların bir qismi vazada kül, bir qismi tabut, bit qismi isə abidə formasındadır. Binada həmçinin muzey və kafe də fəaliyyət göstərir. Tikilinin yerləşdiyi ərazi yaşıllıqlarla əhatələnib. Binanın hər yerində havalandırma sistemi və sıra ilə düzülmüş məzarlar var. Ziyarət zamanı tabut hazır vəziyyətə gətirilir.
Bir çox Avropa ölkəsində məzarlıqlar alınmır, kirayələnir. Cəsəd çürüyəndən sonra skelet sümüklər saxlanılan bölməyə nəql edilir.
İsraildə din xadimlərinin icazəsindən sonra 250 min cənazənin yerləşəcəyi şaquli məzarlıq inşa edilir. Binada hər mərtəbədə torpaq yerləşdirilir və meyitlərin torpaqla təması təmin edilir.
Qüdsdə isə yeraltı məzarlığın inşasına artıq start verilib. "Har Hamenohut" məzarlığının altındakı tunellər artıq genişləndirilib. 24 min nəfərin dəfni üçün nəzərdə tutulan bu yerin tikintisi üçün 50 milyon dollar xərclənəcək. Məzarlara liftlə getmək mümkün olacaq və yerlərin qiymətinin on minlərlə dollar dəyərində olması planlaşdırılır.
Londonda isə bu sistemin tətbiqinə hələ icazə verilmir. Normal məzarlıqlar isə 75 il sonra təkrar istifadəyə verilir.
Binalarda yerləşən məzarlıqların illər sonra boşaldılması və yenidən istifadəyə verilməsi hələ də həlli gözlənilən problemlərdən hesab edilir.
Gülşən