
Kamran Əliyev: "Onların sürücüləri saxlamağa ixtiyarı yoxdur"
Ötən gün Muğanlı-İsmayıllı yolu üzərində yerləşən polis postu məntəqəsində yol polisinə məxsus 10 YP 791 nömrəli "Niva" markalı avtomobildə az yaşlı uşağın "radar"ı idarə edərək sürət həddinə nazərət etməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı.
Həmin hadisənin videogörüntülər də sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu.
Məsələyə Baş Dövlət Yol Polis İdarəsi rəsmi münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Qaynar.info-ya açıqlamasında bildirib ki, radarı idarə edən şəxs azyaşlı uşaq deyil, 22 yaşlarında gəncdir: "Vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, sürət cihazının, yəni "radar"ın mülki şəxs tərəfindən idarə olunması normal haldır. Əslində, bizdə operatorlar mülki şəxslər olur. Onların da sürücüləri saxlamağa ixtiyarı yoxdur, sadəcə, sürət həddinə nəzarət edirlər. Həmin videodakı gənc də 22 yaşlarındadır. Onun azyaşlı uşaq kimi təqdim edilməsi düzgün deyil.
Azərbaycan qanunvericiliyində 20-21 yaşlarında gənclərin polisdə işə götürülməsi isə artıq neçə illərdir ki, əksini tapıb. O ki qaldı mülki şəxslərə, mütəxəssisin mülki şəxs və ya polis olması önəmli deyil. O, heç nəyə müdaxilə etmədən öz işini görür. Bunu deməkdə məqsədimiz odur ki, vətəndaşlar da məlumatlı olsunlar. Yəni sürət cihazının mülki şəxs tərəfindən idarə olunduğunu görsələr, narahat olmasınlar. Bu, mümkündür".
Qaynar.info