Yapon yuxu praktikaları və ritualları gecə istirahətinizi keyfiyyətcə yaxşılaşdıra, yuxunu daha möhkəm və uzunmüddətli edə bilər.
Qaynarinfo xəbər verir ki, Homesandgardens.com portalı bu axşamdan etibarən sınaqdan keçirə biləcəyiniz və çox vaxt və səy tələb etməyən üç yapon yuxu sirrini açıqlayıb.
1. Yataq bir məbəd kimi
Nyu-Yorkda fəaliyyət göstərən, yapon relaksasiya rituallarına əsaslanan sağlamlıq məhsulları brendi "Revitalist15"in qurucusu Mayko Şimadzaki izah edir ki, yapon mədəniyyətində yataq təmizlik, sakitlik və yenilənmə məkanı kimi qəbul olunur:
"Ayaqqabılar, paltolar, çamadanlar və müxtəlif əşyalar heç vaxt yatağın üzərinə qoyulmur. Yataq dəsti sadə olmalı, dekorativ elementlər minimum səviyyədə saxlanmalıdır. Bu, yataqla istirahət arasında güclü psixoloji assosiasiya yaradır və beynin yuxuya keçidini asanlaşdırır".
Yataq dəstini həmişə təmiz saxlayın, artıq dekorativ yastıq və örtüklər yığmayın, həmçinin yatağı iş üçün, əşyaların yığılması və ya gündəlik qarışıqlıq üçün istifadə etməkdən çəkinin.
2. Axşam isti vannalar və isti yemək-içkilərdən zövq alın
"Vanna qəbulu bədən temperaturunu müvəqqəti olaraq yüksəldir və sonradan onun tədricən enməsinə imkan yaradır. Bu da orqanizmə yuxu vaxtının gəldiyini anlamağa kömək edir, daha tez yuxuya getməyə və daha dərin istirahətə səbəb olur", deyə Mayko izah edir.
Bundan əlavə, əllərin və ayaqların isidilməsi həmin nahiyələrdə qan damarlarını genişləndirir və istiliyin yayılmasına kömək edir. Bu isə bədən temperaturunun azalmasını sürətləndirir, yuxuya daha rahat keçidi təmin edir və gecə oyanmalarının sayını azaldır.
Axşam vannasının təsirini artırmaq üçün isti yemək və içkilərdən istifadə də faydalıdır:
"Ənənəvi yapon yeməkləri demək olar ki, həmişə şorba və isti çayla təqdim olunur. İsti yeməklər bədən temperaturunu ciddi şəkildə artırmasa da, komfort hissini gücləndirir, soyuqla bağlı stress siqnallarını azaldır və adətən daha asan həzm olunur”. Onun sözlərinə görə, "daha asan həzm gecə mədə-bağırsaq fəaliyyətinin azalması deməkdir ki, bu da yuxu pozuntularını minimuma endirə bilər".
3. Yuxu üçün isidici vasitələrdən istifadə edin
"İstiliyin müəyyən bir nahiyəyə tətbiqi yerli qan dövranını artırır, əzələ gərginliyini azaldır və sakitləşdirici sensor siqnal yaradır. Bu da bədənin daha tez rahatlamasına kömək edir", deyə Mayko qeyd edir.
Yaponiyada yuxu üçün ən populyar isidici vasitələr arasında isti su torbaları, isidici göz maskaları və isidici qulaq tıxacları yer alır.
Məsələn, isidici göz maskaları göz ətrafını rahatladaraq yuxuya keçidi asanlaşdıra, ekran istifadəsi ilə bağlı göz yorğunluğunu azalda, üz əzələlərinin boşalmasına kömək edə və telefonu kənara qoymağınıza stimul verə bilər.
Aydın
Şərhlər