ABŞ-ın Corciya Universitetinin alimləri yeniyetmələrin yuxu keyfiyyəti ilə beyin fəaliyyətləri arasında narahatedici əlaqəni üzə çıxarıblar.
Qaynarinfo "Brain and Behavior" (B&B) elmi jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir ki, xroniki yuxusuzluq prefrontal qabıqda - özünüidarəetmə, qərarvermə və emosional tənzimləməyə cavabdeh olan beyin nahiyəsində neyron əlaqələrin effektivliyini azaldır.
Eksperiment zamanı 2800-dən çox yeniyetmə iki həftə ərzində yuxunu izləyən fitnes trekerləri taxıb. Daha sonra onların beyni MRT vasitəsilə skan edilib və iştirakçıların valideynləri övladlarının davranış xüsusiyyətləri barədə məlumat təqdim ediblər.
Nəticələr göstərib ki, yuxu nə qədər keyfiyyətsiz və qısa olubsa, beynin əsas sahələri arasında funksional əlaqələr bir o qədər zəifləyib.
Tədqiqatçılar üçün ən narahatedici məqam isə o olub ki, oğlanlar, yaşca böyük yeniyetmələr və etnik azlıqlara mənsub uşaqlar yuxusuzluqdan daha çox əziyyət çəkir və davranış problemlərini daha qabarıq şəkildə nümayiş etdirirlər.
Araşdırmanın əsas müəllifi Asaf Oşrinin sözlərinə görə, yeniyetməlik dövrü beynin formalaşması üçün kritik mərhələdir və bu dövrdə yuxu çatışmazlığı "qar topu effekti" yarada bilər - bu isə mərhələli şəkildə idrak funksiyalarının və emosional tənzimləmə qabiliyyətinin zəifləməsinə səbəb olur.
Alimlər yeniyetmələr üçün yuxu gigiyenası üzrə xüsusi proqramların hazırlanmasını vacib sayırlar. Bu proqramlar gələcəkdə davranış və psixi sağlamlıqla bağlı problemlərin qarşısını almağa kömək edə bilər.
Aydın
Şərhlər