"Təkcə yanvar ayında 500-dən artıq sürücü barəsində tətbir görülüb, inzibati protokol tətbiq edilib”.
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov avtobus zolağında özünə aid olmayan zolağa keçən, hərəkətə mane olan avtobusların cərimələnib-cərimələnməməsi məsələsinə aydınlıq gətirərkən deyib. O bildirib ki, avtomobillərin dayanması, durması və düzgün park edilməsi məsələsi müzakirə edilmədən yerinə yetirilməlidir:

"Söhbət zolaqlar üzrə hərəkətinə icazə verilən avtobuslardan gedir. O avtobuslara baxanda ictimai nəqliyyat olduğu görünür. Onlar müəyyən marşrut üzrə hərəkət edən, qeydiyyatdan keçən taksi fəaliyyəti ilə məşğul olan və yaxud hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələridir. Yanğınsöndürən, təcili tibbi yardım, polis maşınları və s. Digər avtobuslar, yük maşınları zolağa daxil olanda onu polis də görür, kamera da. Biz də demişik ki, bu zolaqlar yalnız və yalnız ictimi nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub. Deməli, bu nəqliyyat vasitələrindən başqa maşın o zolağa daxil olursa, inzibati qaydada məsuliyyətə cəlb edilir. Təkcə yanvar ayında 500-dən artıq sürücü barəsində tətbir görülüb, inzibati protokol tətbiq edilib. Artıq Bakı Nəqliyyat Agentliyi avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqlarda bir lövhə yerləşdirib. Bu da yaxşı bir göstəricidir. Nişanda göstərilən saatlardan başqa həmin zolaqlar üzrə hərəkət edilməsi mümkündür”.
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Qaynarinfo-ya bildirib ki, nəqliyyat vasitələrinin cərimələnməsi hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir:
"Bizə öz zolağından çıxıb şəxsi nəqliyyat vasitələrinin zolağına daxil olan avtobusların cərimələnməsi ilə bağlı məlumat verilmir”.
Bahar Rüstəmli