Xəbər lenti

Zəfərli qayıdış: Səsdən sürətli təyyarələr 50 il sonra ABŞ üzərindən uçacaq
Dünya 15:10 02.07.2026

Zəfərli qayıdış: Səsdən sürətli təyyarələr 50 il sonra ABŞ üzərindən uçacaq

ABŞ-ın nəqliyyat naziri Şon Daffi bəyan edib ki, mülki səsdən sürətli uçuşlar ölkəyə geri qayıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Nazirin sözlərinə görə, "quru üzərində səsdən sürətli uçuşların bərpası təkcə sürət məsələsi deyil, həm də innovasiya potensialının açılması və aviasiyada yeni mərhələnin başlanğıcıdır”.

FAA artıq 1973-cü ildən qüvvədə olan mülki səsdən sürətli uçuşların quru üzərində qadağasının yenidən nəzərdən keçirilməsi istiqamətində ilkin addım atıb.

Regulyator bu sahədə yeni yanaşma təklif edir: qadağanın əvəzinə səs səviyyəsinə əsaslanan qaydaların tətbiqi nəzərdə tutulur. Bu yanaşmanın yeni texnologiyalarla birlikdə səsdən sürətli sərnişin reyslərinin geri dönüşünə imkan yarada biləcəyi bildirilir.

Uçuş və eniş zamanı səs-küyə dair əlavə tələblərin daha sonra açıqlanacağı, yeni qaydaların isə 2027-ci ilin ortalarınadək tamamlanacağı qeyd olunur.

Proqramın əsas məqsədlərindən biri səsdən sürətli uçuşlar zamanı yaranan "sonik bum” effektinin azaldılmasıdır. Bunun üçün təyyarənin konstruksiyası, uçuş hündürlüyü, sürət və atmosfer şəraiti elə optimallaşdırılır ki, zərbə dalğası yer səthinə çatana qədər zəifləsin.

FAA rəsmisi Brian Bedford bildirib ki, bu yanaşma gələcəkdə 1970-ci illərdən bəri qüvvədə olan qadağanın ləğvinə şərait yarada bilər, eyni zamanda yaşayış məntəqələrində səs-küy təsirini minimuma endirər.

Səsdən sürətli sərnişin təyyarələri

Tarixdə müntəzəm səsdən sürətli sərnişin uçuşları həyata keçirən yeganə təyyarələr Avropa istehsalı "Concorde” və sovet istehsalı Tu-144 olub. Hər iki model yüksək istismar xərcləri və güclü səs-küy səbəbindən istifadədən çıxarılıb.

Yeni nəsil layihələrin bu problemləri aradan qaldıracağı bildirilir. ABŞ artıq bu istiqamətdə eksperimental modelləri sınaqdan keçirir.

Onlardan biri NASA-nın dəstəyi ilə hazırlanan X-59 QueSST təyyarəsidir. Bu texnologiyanın gələcək səsdən sürətli sərnişin laynerlərinin əsasını təşkil edə biləcəyi qiymətləndirilir.

"Boom Technology" şirkətinin XB-1 eksperimental təyyarəsi də sınaq proqramını tamamlayıb. Şirkət artıq "Overture” adlı sərnişin təyyarəsinin hazırlanmasının növbəti mərhələsinə keçib. Layihə 60–80 sərnişin üçün nəzərdə tutulur.

Planlara görə, 1,7 Mach (təxminən 1800 km/saat) kruiz sürəti ilə Nyu-Yorkdan Londona uçuş təxminən 3 saat 40 dəqiqə davam edə bilər. Hazırda bu marşrut orta hesabla 7 saat çəkir. İlk "Overture” uçuşunun onilliyin sonunadək həyata keçirilməsi planlaşdırılır.

Aydın
--> -->