Xəbər lenti

Zelensikinin ABŞ səfəri “savaşa davam, ya tamam” sualına cavab tapacaqmı? - Politoloq
Dünya09:03 21.12.2022

Zelensikinin ABŞ səfəri “savaşa davam, ya tamam” sualına cavab tapacaqmı? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zelenskinin ABŞ səfəri müharibənin taleyinə dair kifayət qədər önəmli faktları ortaya çıxaracaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Ukrayna Prezidenti Volodimir Zelenskinin bu gün ABŞ gözlənilən səfərini dəyərləndirərkən deyib.
"Zelenski bir müddət idi ki, Vaşinqtona səfər etməyi planlaşdırırdı. Görünür, səfərlə bağlı artıq Vaşinqtonla konkret razılıq da əldə edilib. Rusiya indiki məqamda daha aqressiv siyasət yeritməyə çalışır. Növbəti ildə Moskvanın Ukraynada geniş miqyaslı hücuma keçəcəyi ehtimal edilir. Bu risklər fonunda Zelenski ehtiyatlı davranmağa məcbur olub. O, ABŞ və Rusiya arasında olan gizli danışıqlardan da narahatdır. Bu mənada Zelenskinin Amerikaya səfərinin önəmi böyükdür”, deyə poltoloq bildirib.
Həmsöhbətimizin fikrincə, Vaşinqton müharibənin uzanmasından ehtiyat edir:
"Çünki bu vəziyyət Moskvanı daha da aqressivləşdirir. Ona görə də Ağ Ev çalışır ki, müharibə Ukrayna-Rusiya kontekstindən kənara çıxmasın. Əlavə riskləri nəzərə alaraq, Vaşinqton danışıqların getməsi və bir müddətə atəşkəs elan olunmasında maraqlıdır. Bu baxımdan, Zelenskinin ABŞ səfəri və orada əldə olunacaq nəticələr 2023-cü ildə Rusiyanın Ukraynaya geniş miqyaslı hücuma keçəcəyi ehtimalı ilə bağlıdır”. 
Ekspertə görə, ABŞ Zelenskidən bir müddət təmkinli olmağı və Rusiya hücumunu bloklamaq üçün aqressiv çıxışları bir müddət dayandırmağı istəyəcək. 
Qeyd edək ki, dekabrın 21-də Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a gələcək və Kapitolini ziyarət edəcək. Bu barədə məlumatı CNN yayıb. Bu, Ukrayna liderinin silahlı münaqişə başlayandan bəri ilk xarici səfəri olacaq. Səfər çərçivəsində onun ABŞ prezidenti Co Baydenlə Ağ Evdə görüşü gözlənilir. Bildirilib ki, Zelenskinin ABŞ-a qəfil səfəri Bayden administrasiyasının Ukraynaya "Patriot" zenit-raket komplekslərinin daxil olduğu yeni yardım paketi göndərməsi ilə üst-üstə düşür. Dekabrın 21-də Zelenski Nümayəndələr Palatasının və Konqresin birgə iclasında çıxış edəcək. 
Rüfət Sultan