Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin çoxlarının düşündüyündən "sona yaxın” olduğuna inandığını deyib və müttəfiqlərini Ukrayna ordusunu gücləndirməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə ABC News-a müsahibəsində
bildirib.
"Qələbə planı Ukraynanı gücləndirməkdir. Ona görə də biz dostlarımızdan, müttəfiqlərimizdən bizi gücləndirmələrini xahiş edirik. Bu, çox vacibdir", - Zelenski "Sabahın xeyir Amerika"nın aparıcısı Robin Robertslə müsahibəsi zamanı deyib.
"Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq. Müharibənin sonuna daha yaxınıq", - deyə o davam edib.
Zelenski ABŞ-a səfəri çərçivəsində bu həftəki Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası üçün bazar ertəsi Nyu Yorka səfəri zamanı ABC News ilə danışıb və burada özünün "qələbə planı” adlandırdığı sənədi prezident Co Baydenə və Amerikanın digər əsas siyasi liderlərinə təqdim edəcəyini deyib.
Zelenski dəfələrlə ABŞ və Britaniyanı Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün Ukraynaya təqdim etdikləri uzaqmənzilli raketlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Zelenskinin tələbi Ukraynanın şərqində şiddətli döyüşlər zamanı və Ukraynanın Kursk bölgəsində əməliyyata başlamasından həftələr sonraya təsadüf edir.
Zelenski deyib ki, Putin Kursk əməliyyatından "qorxur”:
"Doğrudur. O, çox qorxur. Niyə? Çünki xalqı onun qoruya bilməyəcəyini - bütün ərazisini qoruya bilməyəcəyini gördü".
Ukrayna lideri deyib ki, Ukrayna yalnız "güclü mövqe” ilə "Putini müharibəni bitirməyə sövq edə bilər”.
Zelenski ilə müsahibədə onun həyat yoldaşı, birinci xanım Yelena Zelenskaya da iştirak edib. Zelenskinin bu həftənin sonunda Vaşinqtona səfər edəcəyi və burada Bayden, eləcə də prezidentliyə namizədlər Kamala Harris və Donald Trampla görüşəcəyi gözlənilir.
Xəbər verdiyimiz kimi, prezident Vladimir Zelenski Nyu Yorkda ABŞ Konqresinin ikipartiyalı nümayəndə heyəti ilə görüşündə cəbhədəki vəziyyət və "qələbə planı”nın elementləri barədə danışıb.
Zelenski hesab edir ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp əslində Ukraynada müharibəni necə dayandıracağını bilmir.
Alpər
Şərhlər