Ukrayna prezidenti Volodimir Zelenski 21 dekabr tarixli ABŞ səfəri çərçivəsində Konqresdə çıxış edib. Onun çıxışı Nümayəndələr Palatası və Senat üzvlərinin demokratiyaya dəstək məqsədilə keçirilən xüsusi birgə iclasında baş tutub.
Qaynarinfo Ukrayna prezidentinin Konqresdəki çıxışının əsas tezislərini təqdim edir.
Ukrayna prezidentinin çıxışı Bakı vaxtı ilə dekabrın 22-də saat 02:30-da başlayıb. Çıxışdan əvvəl Zelenski ABŞ Konqresinin yüksək rəhbərliyi ilə görüşüb.
KİV-in məlumatına görə, Ukrayna dövlətinin başçısı Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə yanaşı, Senatdakı çoxluğun lideri Çak Şumer, Senatdakı azğılın lideri Mitç Makkonnel və Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ilə danışıb.
Ukrayna prezidentinin çıxışından diqqət çəkən məqamlar:
• Rusiya-Ukrayna müharibəsinin gedişində təkcə Ukraynanın taleyi və gələcəyi deyil, bütün sivil dünyanın taleyi həll olunur. "Bu, təkcə insanların - ukraynalıların və ya Rusiyanın fəth etmək istədiyi hər hansı digər insanların həyatı, azadlığı və təhlükəsizliyi uğrunda mübarizə deyil. Bu, uşaqlarımızın, nəvələrimizin, onların uşaqları və nəvələrinin yaşayacağı dünya üçün döyüşdür. Bu, azad dünyanın gələcək nəsillərinin şüurunda kimin qalib gələcəyi uğrunda mübarizədir”, - Zelenski bildirib.
• Yalnız özümüzü müdafiə etmək üçün deyil, hərbi əməliyyatların axarını öz xeyrimizə çevirmək üçün Ukraynanın Amerika silahlarına, xüsusən də toplara, mərmilərə, MLRS-lərə, zirehli texnikalara və təyyarələrə ciddi ehtiyacı var. "Bizə daha çox "Patriot”larınız lazımdır ki, şəhərlərimizə qarşı Rusiya terrorunu dayandıra bilək və ukraynalı vətənpərvərlər qələbəmiz üçün güclü və əsaslı şəkildə çalışa bilsin. Gələn il bizə daha çox artilleriya, silah və mərmi lazımdır - ona görə ki, Baxmut təkcə rus ordusunu darmadağın edən bir qala deyil, həm də Saratoqa döyüşü kimi Baxmut uğrunda mübarizə bizim müstəqillik savaşımızın gedişatını dəyişsin”, - deyə Zelenski bildirib.
• "Ölkəmizdə zirehli texnikanın və təyyarələrin olmaması bu müharibəni uzadır və Rusiyaya imkan verir ki, xalqımızı öldürsün, Ukraynanın işğal olunmuş şəhər və kəndlərini totalitar şəraitdə saxlasın. Sizin belə dəstəyiniz çox vacibdir. Maliyyə yardımı kimi, 2023-cü il üçün lazımi maliyyə paketinin təqdim edilməsi də düzgün və vaxtında olardı”, - deyə Ukrayna prezidenti bildirib.
• Rusiya Ukraynaya qarşı terror aksiyalarında özünə müttəfiq tapıb - yüzlərlə kamikadze pilotsuz uçan aparatla təchiz edir İranı. Ona görə də bu ölkələr amerikalıların müttəfiqlərinə zərbə endirməzdən əvvəl onları dayandırmaq ABŞ-ın maraqlarına uyğundur.
• "Ukrayna heç vaxt bizim yerimizə amerikalı əsgərlərin bizim torpağımızda döyüşməsini istəməyib və istəmir də. Lakin ukraynalı əsgərlər müasir Amerika tanklarını və təyyarələrini idarə edə bilər", - Zelenski vurğulayıb.
• ABŞ prezidenti Co Bayden danışıqlar zamanı Zelenskinin bu qış beynəlxalq sülh sammitinin keçirilməsi təşəbbüsünü dəstəkləyib. Sammitin əsasını Zelenskinin on bənddən ibarət "Sülh düsturu” təşkil etməlidir.
• Rusiyanın bütün hücumlarına baxmayaraq, Ukrayna xalqı qələbə yolunda mübarizəni davam etdirir. "Rusiya raketləri olarsa, biz özümüzü müdafiə etmək üçün əlimizdən gələni edəcəyik. Əgər İranın pilotsuz uçuş aparatları olarsa və xalqımız Miladdan əvvəl axşam saatlarında bomba sığınacağına getməli olsa da, ukraynalılar bayram süfrəsi arxasında əyləşib bir-birlərinə dəstək olacaqlar. ", - deyə Zelenski bildirib.
• Ukrayna prezidenti Konqres üzvlərinə bu yaxınlarda Baxmutun müdafiəçiləri tərəfindən ona verilmiş Ukrayna bayrağını təqdim edib. Nümayəndələr Palatasındakı Demokratik çoxluğun rəhbəri Nensi Pelosidən Zelenski həmin gün Konqresin binası üzərində dalğalanan ABŞ bayrağını qəbul edib. Ümumilikdə Zelenskinin ABŞ Konqresindəki çıxışı iyirmi dəqiqədən çox davam edib və çox saylı ayaqüstü alqışlarla qarşılanıb.
Zelenskinin Konqresə müraciəti onun ABŞ səfərinin proqramına yekun vurub.