Ukraynanın gündəlik döyüş itkiləri təqribən 60-100 əsgərin ölümü və 500-ə yaxının yaralanmasıdır.
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski 31 mayda "Newsmax” telekanalına müsahibəsində
deyib.
"Ən çətin vəziyyət Ukraynanın şərqində və Donetsk və Luqanskın cənubundadır. Vəziyyət çox ağırdır, hər gün 60-100 əsgərimizi itiririk, 500-ə yaxın insan isə yaralanır. Bax, beləcə müdafiə xəttimizi qoruyuruq”.
Prezident Zelenski deyir ki, onun ölkəsi və xalqı Vladimir Putinin təcavüzünə və qlobal ambisiyalarına qarşı dünya üçün "müdafiə xətti”dir.
"Biz müdafiə xəttiyik. Biz güclü müdafiə xəttiyik. Bu, adi bir şey deyil. Bu, təbii bir şey deyil. Bu, insanlarımızdan ibarət fiziki bir maneədir", - o bildirib.
"Tanrı bizim tərəfimizdədir, Rusiya və Putin isə "qaranlıq qüvvələri” təmsil edir”, - o əlavə edib.
Ukrayna başçısı həmçinin bildirib ki, Ukrayna öz ərazilərini vermək niyyətində deyil, lakin onlarla bağlı çətinliklər müzakirə oluna bilər.
"Biz heç bir ərazimizi verməyə hazır deyilik, çünki bu bizim müstəqilliyimizdir, suverenliyimizdir. Amma müəyyən çətinliklər, bəzi ərazilərlə bağlı detallar var. Bu çətinlikləri müzakirə etmək olar".
Zelenski əlavə edib ki, "bu çətinliklərin və çağırışların diplomatik kanallar vasitəsilə həllinə başlamaq üçün belə müzakirələr lazımdır, əks halda heç nə alınmayacaq”.
Nizami Bağırov