Zelenski Bayden administrasiyasının onu nədə məyus etdiyini açıqladı (VİDEO)
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenin administrasiyasının Ukraynaya dəstəklə bağlı siyasətindən qismən məyus olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Zelenski Varşava səfəri zamanı Polşa KİV-lərinə verdiyi müsahibədə danışıb.
Zelenski Bayden administrasiyasının dövrünün əsas müsbət cəhətləri kimi ABŞ və Avropanın Ukrayna üçün silah, sanksiyalar və siyasi dəstəklə bağlı birgə fəaliyyətini vurğulayıb. O, bu proseslərin "Baydenin dövründə baş verdiyini" və buna görə təşəkkür etdiyini qeyd edib.
Lakin Zelenski bəzi məsələlərdə Kiyevin fərqli hərəkət etməyi təklif etdiyini və "o qədər də yavaş olmamaq" lazım olduğunu bildirib.
"Bu, işğaldan əvvəlki preventiv sanksiyalarla bağlı idi. Biz həm sanksiyalar, həm də silah istədik, amma Amerika dedi ki, "əgər nəsə baş verərsə, onda tədbirlər görərik...” Mənə elə gəlir ki, bu, zəif mövqe idi”, – deyə Prezident vurğulayıb.
Zelenski həmçinin "tam başa düşmədiyini və heç vaxt başa düşməyəcəyini" bildirib ki, niyə o vaxt lazım olan sayda hava hücumundan müdafiə sistemləri Ukraynaya verilməyib:
"ABŞ-ın "Patriot” sistemləri ilə Ukraynanı gücləndirə bilməməsini – əsasən onlar orada olduğu üçün ABŞ deyirəm – anlamaqda çətinlik çəkirəm. Bəlkə də mən nəyisə bilmirəm. Amma bir şeyi dəqiq bilirəm: təəssüf ki, insanlar həlak olub”, – deyə Zelenski yekunlaşdırıb.
Zelenski müsahibəsində həmçinin qeyd edib ki, Ukrayna üçün müharibənin bitməsi ilə bağlı potensial danışıqlar və təhlükəsizlik zəmanətləri bir-biri ilə sıx bağlıdır, çünki etibarlı zəmanət olmadan Rusiya güclənərək yenidən hücum edə bilər.
O əlavə edib ki, Ukraynadakı müharibənin bitməsi və ya atəşkəs perspektivi Avropanın Rusiyaya qarşı daha sərt olmağa hazırlığından asılıdır. Onun sözlərinə görə, Ukrayna ordusu olmadan Avropanın "Rusiyaya qarşı heç bir şansı yoxdur".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər