Ukrayna prezident Volodimir Zelenski ABŞ prezidenti Co Baydenin Ukrayna ərazilərinin təslim edilməsindən gedirdisə, Ukraynadakı müharibəni 5 dəqiqəyə bitirə biləcəyini, lakin ölkəsinin buna razı olmayacağını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna lideri "ABC News"a müsahibəsində
bildirib.
Zelenski Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyini vəd edən ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərini bir daha şərh edərək, Ukraynada hibrid müharibə olduğu bir vaxtda ABŞ prezidenti vəzifəsini icra edərkən artıq belə bir şansa malik olduğunu xatırladıb.
"Müharibəni bitirmək istəyi belə özü gözəl bir şeydir. Amma bu arzu hansısa real təcrübəyə əsaslanmalıdır. Görünür, Donald Trampın öz vaxtında o 24 saatı olub. Biz müharibə vəziyyətində idik, tam miqyaslı müharibə deyildi, lakin biz müharibə vəziyyətində idik və güman edirəm ki, onun ixtiyarında bu vaxt var idi, lakin görünür, onun başqa prioritetləri olub.
Əgər biz müharibəni Ukrayna əraziləri bahasına başa vurmaqdan, yəni bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, o zaman, hesab edirəm ki, bu yolla Bayden hətta beş dəqiqəyə bunu bitirə bilərdi. Lakin biz razılaşmazdıq”, - Zelenski vurğulayıb.
Zelenski Ukraynaya yardımın davam etdirilməsinə şübhə ilə yanaşan və diqqətini daxili məsələlərə yönəltmək istəyən amerikalılara da cavab verib.
"Kifayət qədər iş görmüsünüz deyənləri yüksək qiymətləndirirəm. İnanın, nə olursa-olsun, yardıma görə təşəkkür edirəm. "Kifayətdir" sözünə gəlincə, biz ukraynalıların iştahası böyük deyil. Qələbəmiz bizə kifayətdir", - o deyib.
Eyni zamanda, Zelenski Ukraynaya yardımın azaldılması ilə bağlı "təhlükəli siqnallar” açıqlayıb.
ABŞ-da qarşıdan gələn prezident seçkiləri və yardımın davam etdirilməsindən narahat olub-olmaması ilə bağlı suala Zelenski belə cavab verib: "Bu, daxili siyasi məsələdir. Buna amerikalılar qərar verəcək və mən qarışmaq istəməzdim. Amma bizim üçün Ukraynaya ikipartiyalı dəstəyi qorumaq vacibdir... Biz başa düşürük ki, ayrı-ayrı ABŞ siyasətçilərindən Ukraynaya yardımı kəsmək üçün müəyyən təhlükəli siqnallar gəlir”.
Nizami Bağırov