Xəbər lenti

Zelenski Baydenə müraciət etdi: Ukrayna NATO üzvü olacaqmı?
Dünya09:16 04.07.2023

Zelenski Baydenə müraciət etdi: Ukrayna NATO üzvü olacaqmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zelenskinin mesajında başlıca məqsəd düşmən tərəfdə qorxu hissi yaratmaq, öz xalqı və ordusu daxilində isə ruh yüksəkliyini artırmaq, qələbəyə inamı gücləndirməkdən ibarətdir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Co Baydenə müraciətində Ağ Evin elə indi Ukraynanı NATO-ya dəvət etməli olduğu barədə mesajını şərh edərkən deyib.
"Zelenski özü də gözəl bilir ki, indiki halda Ukraynanı NATO-ya qəbul etməzlər. Çünki Ukraynanın indi NATO-ya üzv olması qurumun 5-ci bəndinin işə düşməsi və üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər. Sadəcə olaraq, Zelenskinin bu fikrində taktiki və strateji hədəfləri fərqləndirmək lazımdır. Onun verdiyi bu mesajda daha çox taktiki hədəflər ön plana çıxır. Bu açıqlaması ilə ilk növbədə Zelenski Rusiya ictimaiyyəti və ordusunu NATO ilə təhdid edir. İkincisi isə öz ordusu və xalqını qısa zamanda NATO-ya inteqrasiya ilə motivasiya edir.  Açıqlamanın strateji anlamına gəldikdə, Ukraynanın həm NATO, həm də Avropa İttifaqına üzvlüyülə bağlı xeyli zamandır müxtəlif səviyyələrdə fikirlər səslənir. Zelenskinin çağırışı strateji anlamda həmin istiqamətdə müzakirələrin açılmasını sürətləndirməyə hesablanmış addımdır”, deyə Taleh Əliyev vurğulayıb.
Ekspert qeyd edir ki, bu məsələlər qısa zamanda gerçəkləşəcək məsələlər deyil: "Xüsusən də NATO-ya üzvlük Rusiya-Ukrayna müharibəsi bitməyənə qədər mümkün deyil”. 
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenə müraciət edib. Onun sözlərinə görə, Ağ Ev Ukraynanı NATO-ya elə indi dəvət  etməlidir. Ukrayna lideri bildirib ki, Ukraynanın NATO-ya daxil olub-olmaması ilə  bağlı qərar Baydendən asılıdır və Ukraynanın bu siqnalı alması çox vacibdir: "NATO-ya dəvət Ukrayna əsgərləri üçün böyük dəstək olacaq". 
Rüfət Sultan