Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ölkəsi diplomatiya yolu ilə müharibəni dayandırmaq imkanını əldən verməməlidir.
"İnsanlar onsuz da sülhü dərk edəcəklər, çünki müharibənin bitməsini istəyirlər. Amma bizim şərtlərimizlə, müstəqillik şərtlərilə, Ukraynanın şərtlərilə... Hər bir ailə nəyisə itirib. Elə insanlar var ki, övladlarını itirib. Yaxınlarını, əzizlərini itirmək böyük yara və böyük faciədir”, deyə Zelenski bildirib.
Prezidentin fikrincə, anlamaq lazımdır ki, istənilən müharibə sülhlə və ya milyonlarla qurbanla başa çatır. Zelenski əlavə edib ki, milyonlarla qurbanın olduğu yerdə belə hər şey sülhə və müharibənin bitməsinə doğru gedir:
"Və biz bundan nəticə çıxarmalıyıq. Bəli, mübarizə aparmalıyıq, amma həyat uğrunda da mübarizə aparmalıyıq. Heç bir şey olmayanda, insanlar olmayanda, toz-torpaq üçün mübarizə aparmaq olmaz. Ona görə də bu müharibəni dayandırmaq vacibdir. Çətindir, emosional baxımdan çətindir, istək baxımından çətindir. Heç kim bu insanlara işgəncə verənlərlə danışıqlar aparmaq istəmir".
Prezident qeyd edib ki, o, bir kişi və bir ata kimi bütün bunları başa düşür. Lakin əgər şans varsa, Ukrayna bu məsələni diplomatik yolla həll etmək imkanını əldən verməməlidir".
Zelenski vurğulayıb ki, Ukraynanın Rusiya Federasiyası ilə dialoqda üstünlükləri onun Birləşmiş Qüvvələr Əməliyyatı zonasında və Mariupolda mövqelərinin möhkəmliyindən asılıdır:
"Mariupol bu gün bu müharibənin ürəyidir. O, döyünür, biz döyüşürük, biz güclüyük. Döyüşü dayandırsaq, mövqelərimiz zəif olacaq. Mariupolun müdafiəçiləri çoxlu sayda düşməni öz üzərinə çəkmiş insanlardır. Mariupoldakı mövqeyimiz nə qədər güclü olsa, şərqdə və digər zonalarda mövqelərimiz bir o qədər güclü olacaq”.
Onun fikrincə, Ukraynanın mövqeləri daha güclü olsa, o zaman Ukrayna üçün danışıqlar masası daha yaxın olacaq və Rusiya ilə dialoqda üstünlüklər əldə edəcəklər:
"Əgər bütün bu sahələrdə zəif olsaq, o zaman görüşü gözləməyə də bilərik. Çünki o zaman Rusiya indi işğaldan azad etdiyimiz şəhərlərə qayıtmağa gətirib çıxara biləcək addımlar atacaq. Onlar bunu edə bilərlər. Amma fərqli nəticəyə, qələbəmizə inanırıq”.
ARAYIŞ: 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada "xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Aydın
Şərhlər