Rusiya - Ukrayna savaşını bitirmək üçün Moskva və Kiyevin qarşılıqlı güzəştlərə hazır olması vacibdir. Lakin tərəflər bu addımı atmağa tələsmir. Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi başlayan andan bəyan edib ki, Kreml güzəştlərə hazırdır, lakin problem Ukrayna prezidenti Volodimir Zelenskidə və rəsmi Kiyevin sərgilədiyi sərt yanaşmadadır.
Qeyd edək ki, Ukrayna prezidenti də öz növbəsində dəfələrlə Putinlə birbaşa və şərt qoymadan görüşməyə hazır olduğunu bildirib. Lakin Kreml bu çağırışa hələlik müsbət reaksiya verilməyib. Rusiya KİV-nin məlumatına görə, Putin güzəştə gedə bilər, lakin nə qədər ki, Zelenski hakimiyyətdədir, onunla hər hansı bir razılığa gəlmək imkansızdır.
Rusiya siyasi dairələrində belə bir fikir formalaşıb ki, Putin heç bir halda Zelenski ilə danışıqlara getməyəcək. Kremlə yaxın şərhçilər isə savaşı durdurmaq üçün Zelenskinin istefasının kifayət olduğunu bəyan edirlər. Putinin məqsədi bəllidir. O, özünü sülh tərəfdarı, Zelenskini isə savaşın ilhamvericisi kimi təqdim etməklə Ukrayna cəmiyyətində və hakimiyyət daxilində parçalanma yaratmaq niyyətindədir. Putin anlayır ki, mövcud vəziyyətdə Ukraynada savaşdan bezənlər və problemdən çıxmaq üçün Rusiyaya müəyyən güzəştlərə getməyin vacib olduğunu düşünənlər də var. Lakin Zelenski Ukraynanın ərazi itkisilə nəticələnəcək hər hansı güzəştə getməyəcəyini açıqlayıb. Zelenskiyə yaxın təhlilçilər belə hesab edirlər ki, Ukrayna prezidentinin istefası savaşı bitirməyəcək, əksinə, Rusiya bu addımdan istifadə edərək, öz işğalçılıq siyasətini davam etdirəcək.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Qabil Hüseynli düşünür ki, Putin reallıq hissini itirib:
"Zelenski ümumxalq səsverməsi yolu ilə prezident seçilib. O, xalqının sevgisini qazanıb, qəhrəmanına çevrilib. Putin isə müxtəlif şübhəli şəxslərlə birləşib və uzun müddətdir ki, hakimiyyəti zor gücünə əlində saxlayır. Putinin açıqlaması heç bir məntiqi əsasa söykənmir. Digər tərəfdən, Putinə inanmaq da mümkün deyil. Müharibənin əvvəlində Putin danışıqların mümkün olduğundan dəm vururdu, indi isə bəyan edir ki, rəsmi Kiyevlə danışıqlara yalnız Zelenski istefa verdikdən sonra başlaya bilər. Putin bu açıqlaması ilə əslində Kiyevdə hakimiyyət kürsüsündə Yanukoviç kimilərinin oturmasını arzuladığını dilə gətirib. O, Ukrayna xalqını başsız, anarxiya içində qoymaq və bununla da Ukraynanı asanlıqla işğal etmək istəyir”.
Həmsöhbətimiz əmindir ki, Zelenski heç bir halda istefaya getməyəcək:
"Zelenskinin bu müstəvidə Putinin dediklərinə aldanıb istefaya gedəcəyi və ya növbəti seçkilərdə namizədlikdən imtina edəcəyini gözləmirəm. Zelenski belə addım atsa, bu, onun özünün siyasi məhvinə səbəb olardı. Ən başlıcası isə bu addım həm də Ukrayna üçün faciəli sonluq anlamına gələrdi”.
Rüfət Sultan