Xəbər lenti

Zelenski məğlub olarsa, dünyanı nə gözləyir? (ŞƏRH)
Dünya07:56 22.01.2024

Zelenski məğlub olarsa, dünyanı nə gözləyir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son zamanlar bir sıra ölkələrin siyasiləri və ekspertləri Ukraynanın Rusiya ilə müharibədə uduzacağı, hətta Qərbin Volodimir Zelenskini Moskva ilə barışığa məcbur etdiyi barədə müxtəlif fikirlər söyləyirlər. Düzdür, bu kimi fikirlər müharibə başlayandan bəri movcuddur. Amma son dövrlər belə düşüncələrin sayı artıb. 
Öncə onu qeyd edək ki, bu kimi təbliğatın arxasında Kremlin dayandığı birmənalıdır. Rusiya cəbhədə əldə edə bilmədiyini təbliğat prosesində qazanmaq istəyir. Bu əsasda da əsas təbliğat hədəfini Ukraynanın arxasında dayanan Qərb üzərinə yönəldib. Məhz, bunun nəticəsidir ki, Qərbdə Ukraynanın duruş gətirə bilməyəcəyi barədə fikirlər müəyyən dərəcədə genişlənib.
Belə fikirlərin yer almasına sözsüz ki, son zamanlar ABŞ və Avropa İttifaqında Ukrayna məsələsində yaşanan fikir ayrılıqları səbəb olub. ABŞ Konqresinin Co Baydenin Kiyevə yardımla bağlı çağırışına müsbət cavab verməyə tələsməməsi, bazarlığa getməsi, Avropa İttifaqının üzvü Macarıstanın qurumun Ukraynaya 50 milyard avroluq yardıma əngəl olmaq cəhdləri istər-istəməz Rusiya ilə müharibə aparan bu ölkə barədə pessimist fikirlərin dolaşmasına səbəb olub. 
Müharibə Ukraynanın məğlub olması ilə nəticələnsə, dünya düzənini nə gözləyir? Birmənalı şəkildə aydındır ki, Ukraynanın müharibədə uduzması ABŞ-ın, Aİ-nin məğlub olması ilə nəticələnəcək. 
NATO-nun keçmiş baş katibi lord Corc Robertsonun dediyi kimi, Ukrayna uduzsa, o zaman dünya nizamını ABŞ-ın düşmənləri müəyyən edəcək. Yəni dünya liderliyi Rusiya ilə Çinin əlinə keçəcək. Kiyev üzərində qələbə çalsa, Kreml birmənalı olaraq heç də Ukrayna ilə kifayətlənməyəcək. Çünki qələbə Putinin iştahasını daha da artıracaq. Rusiya lideri Ukrayna üzərində qələbədən sonra MDB məkanının digər ölkələrini də tamamilə özündən asılı vəziyyətə salacaq. İndiki halda, Gürcüstan, Ermənistan,  Moldova qərbpərəst siyasət yürüdür. Putinin qələbəsi isə həmin ölkələrdə də Rusiyanın maraqlarına cavab verən qüvvələrin müxtəlif yollardan istifadə etməklə hakimiyyətə gəlmələrinə səbəb olacaq. Bundan başqa, MDB-nin digər digər ölkələri də Moskvadan daha sıx asılı vəziyyətə düşəcək.
Həmin ölkələrdə nəyi və necə etməyi Kreml diktə edəcək. Belə olduqda, hətta bütün MDB  məkanı sərhədlərinə rus qoşunlarının nəzarət edəcəyi də istisna deyil. Hətta qələbədən cuşa gələn Rusiya növbəti mərhələdə diqqətini dünyanın başqa məkanlarına, xüsusən də Şərqi Avropa ölkələri və Yaxın Şərqə yönəldəcək. Bu məkanlarda da qarşıdurmaların əsasını qoyacaq ki, özünə sərf edən iqtidarların hakimiyyətə gəlməsinə nail olsun. 
Zelenskinin məğlub olması dünyanın digər avtoritar rejimlərini də özlərinin aqressiv siyasətlərini həyata keçirmələrinə imkan verəcək. Çin, Şimali Koreya, İran, Venesuela və digər avtoritar rejimlər də ekspansionist siyasətlərini açıq müstəviyə keçirəcəklər. Şimali Koreya Cənubi Koreyanı ələ  keçirəcək. Çin Tayvanla olan probleminə hərbi yolla son qoyacaq. İranın da aqressiv siyasəti artacaq. Ukraynanın məğlub olması sivil dünyanın dağılmasının, demokratik dəyərlərin puç olmasının da əsasını qoyacaq və nəticədə bəşəriyyət yenidən orta əsr diktator rejimlərinin caynağı altına düşəcək. Ona görə də çıxış yolu Ukraynanın Rusiya qarşısında məğlub olmasına imkan verməməkdir. Bunun üçün isə Kiyəvə lazım olan bütün dəstək göstərilməlidir ki, sonda Rusiya məğlub olsun. Qərbdə bunu anlayanlar birmənalı şəkildə sona qədər Ukraynanı müdafiə edəcəklər. Çünki Ukraynanın taleyi, elə ABŞ və Avropanın taleyi deməkdir. Zelenskinin qələbəsi Qərbin dünya nizamında mövqelərini daha da möhkəmləndirəcək. Bunu anlayanlar heç zaman Ukraynanın məğlub olmasına imkan verməz. 
Rüfət Sultan