Xəbər verdiyimiz kimi, "Avroviziya-2022" qalibi Ukraynanı təmsil edən Kalush Orchestra qrupu olub. Ukrayna təmsilçiləri 631 bal toplamaqla musiqi yarışmasının birincisi ola biliblər. Qələbə münasibətilə Ukrayna xalqı və Kalush Orchestra qrupunu təbrik edən Ukrayna Prezidenti Volodmir Zelenski vəd edib ki, "bir gün gələcək, "Avroviziya" yenidən qurulmuş və azad Mariupolda keçiriləcək. Bizim mərdliyimiz dünyanı heyrətləndirir, musiqimiz Avropanı fəth edir! Mariupolun "Avroviziya" iştirakçılarını və qonaqlarını qəbul etməsini mümkün etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik", deyə Ukrayna Prezidenti özünün "Instagram" səhifəsində yazıb.
Qeyd edək ki, hazırda Mariopol şəhəri Rusiya ordusunun nəzarəti altındadır. Yalnız "Azovstal” zavodunda minə yaxın Ukrayna döyüşçüsü müqavimət göstərməkdə davam edir. Şəhər demək olar ki, xeyli dərəcədə dağıdılıb. Bu mənada maraqlıdır, Zelenski hansısa məlumatlara əsaslanaraq musiqi yarışmasının Mariupolda keçiriləcəyini bildirir. Yoxsa, bu sadəcə xalqda ruh yüksəkliyi yaratmaq üçün ortaya atılan populizmdir?
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Zərdüşt Əlizadə deyir ki, Zelenskinin bu açıqlaması sadəcə Ukrayna xalqını ümidləndirmək məqsədi daşıyır:
"Hələlik heç nə müəyyən deyil. Hər şey qeyri-müəyyəndir. Amma Zelenskinin haqqı var ki, belə deyir. Ölkə Prezidenti olaraq o, xalqa ümid verməlidir. Ona görə də musiqi yarışmasının Mariupolda keçiriləcəyilə bağlı istəyini ortaya qoyub. Azərbaycanda da 27 il ərzində deyilirdi ki, lazım gəlsə, Qarabağı alacağıq. Vaxt gəldi və gedib Qarabağı azad etdik. Zelenski də öz xalqına ümid verir ki, musiqi yarışması Mariupolda keçiriləcək. Onun bu fikrinə soyuqqanlı və ağıllı yanaşmaq lazımdır”.
Rüfət Sultan