Dünya 08:41 06.01.2023

Zelenski Putinin “Milad atəşkəsi” təklifini rədd etdi: Unitazları götürün, yolda lazım olacaq...

Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 5-də axşam müraciətində Rusiya vətəndaşlarına müraciət edərək, rusiyalıların Ukraynadakı hərbi cinayətlərini xatırladıb.

Qaynarinfo-nun məlumatına görə, Rusiya rəhbərinin Milad bayramı üçün "atəşkəs”lə bağlı bəyanatlarını şərh edən Zelenski xatırladıb ki, Ukrayna noyabrın 15-də sülh formulunu təqdim edib, onun bəndlərindən biri qoşunların ölkə ərazisindən tamamilə çıxarılmasıdır: "Bu atəşi, insan itkilərini və ümumilikdə müharibəni dayandırmaq üçün zəmanətli və etibarlı yoldur". 

Dekabrın 12-də Ukrayna Rusiyanı sülh formulu həyata keçirməyə və Milad günü qoşunlarını ölkə ərazisindən çıxarmağa dəvət edib.

"Bizim hər iki təklifimizi ölkənizin rəhbərləri görünür eşitməyiblər... Onların olduğu yer görünür çox dərindir və oradan eşidilmir. Bu günə olan məlumata görə, siz bu müharibədə həlak olan 110 minə yaxın əsgərinizi itirmisiniz. Ölkəmizə qarşı terroru davam etdirən və bütün bu adamlarınızı qırğına göndərənlər, Rusiya təcavüzünün dayandırılması ilə bağlı təkliflərimizi rədd edənlər, qətiyyən həyata dəyər vermirlər və üstəlik, sülh üçün səy göstərmirlər”, - deyə Zelenski bildirib.

O vurğulayıb ki, "atəşkəs” təklif etməklə işğalçı ölkə Ukrayna müdafiəçilərinin Donbasda irəliləyişini müvəqqəti dayandırmaq və yeni güclə genişmiqyaslı müharibəni davam etdirmək istəyir.

Ukrayna prezidentinin sözlərinə görə, müharibəyə son qoymaq üçün Rusiya vətəndaşları "Milad bayramında Kremldə bir nəfərin utancverici qorxusundan xilas olmaq üçün ən azı 36 saat cəsarət tapmalıdırlar”.

"Müharibəyə son qoymaq dövlətinizin təcavüzünə son qoymaq deməkdir. Raketləriniz, pilotsuz uçuş aparatları şəhərlərimizi vurmayanda belə, işğal olunmuş ərazilərdə terror davam edir. Siz ukraynalılara nəfəs dərməyə imkan vermirsiniz. İnsanlara işgəncə verilir, elektrik cərəyanı verilir, zorlanır. Əsgərləriniz torpaqlarımızda olduğu müddətdə bu, hər gün davam edir. Sizin əsgərləriniz ya gedəndə, ya da biz onları qovduğumuzda müharibə bitəcək. Ona görə qoy unitazları da götürsünlər - yolda onlara lazım olacaq və öz evlərinə qayıtsınlar. Sərhədimizdən kənara. 1991-ci ilin sərhədlərinə”, deyə Zelenski əlavə edib.

Nizami Bağırov