Dünən İspaniyanın paytaxtı Madrid şəhərində NATO-nun Parlament Assmbleyasının 68-ci sessiyası işə bağlayıb. İclasa onlayn qatılan Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Kiyevin NATO-ya üzv qəbul edilməsinin vacibliyini önə çəkib. Ukrayna lideri bildirib ki, Kiyev şərqdən NATO-ya qarşı yönələn təhlükəyə qarşı mübarizədə mühüm plasdarm rolunu oynayır. Onun fikrincə, NATO-nun güclənməsi üçün Ukraynanın quruma üzv qəbul edilməsi vacibdir.
Zelenski ölkəsinin Avropa İttifaqına da qəbul olunmasını istəyib. Ukrayna liderinin bu istəyi başa düşüləndir. Çünki Kiyev NATO-nun çətiri altına keçsə, bu, Rusiya təcavüzünə qarşı mübarizədə mühüm dayaq olacaq.
NATO Ukraynaya siyasi, hərbi, humanitar sahədə ciddi köməklik edir. Ukrayna Rusiya təcavüzünə qarşı məhz Qərbin dəstəyi sayəsində tam gətirə bilib. Amma bununla belə, NATO-ya qəbul olunacağı təqdirdə, rus qoşunlarının Ukrayna torpaqlarını işğal etməsi Moskvanın quruma müharibə elan etməsi kimi dəyərləndiriləcək və bu əsasda Şimali Atlantika Alyansı da müharibəyə cəlb oluna bilər.
Bu halda aydın məsələdir ki, Rusiya qoşunları indikidən daha ağır durumla üzləşə bilər. Lakin bununla belə görünən odur ki, NATO hələ də Rusiya ilə qarşı-qarşıya gəlmək niyyətindən uzaqdır. Ona görə də Zelenskinin istəyindən asılı olmayaraq, ərazisində müharibə gedən bir ölkənin indiki situasiyada NATO-ya qəbul ediləcəyi gözlənilmir. Buna qurumun nüzamnaməsi də imkan vermir. Kiyevin bu istəyi yalnız müharibə bitəndən sonra reallaşa bilər.
Aİ-yə gəldikdə isə qurum rəsmiləri dəfələrlə bəyan ediblər ki, Kiyevi də sıralarında görmək istəyirlər. Amma bunun üçün Ukrayna tərəfi müəyyən addımlar atmalı, öz iqtisadiyyatı və strukturunu Aİ standartlarına uyğunlaşdırmalıdır. Davam edən müharibə isə hələlik bu istəyin də həyata keçməsinə imkan vermir. Kiyevin NATO və Aİ arzuları yaxın vadidə hələlik həyata keçən deyil. Amma müharibə bitəndən sonra birfmənalı olaraq aydındır ki, hər iki istiqamətdə fəaliyyət ciddi sürət alacaq.
Rüfət Sultan