"Ukrayna Prezidentinin xarici səfərlərinin intensiv xarakter alması Rusiyanın zəifləməsinin göstəricisidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin son zamanlar xarici səfərlərinin artmasına münasibət bildirərkən deyib:
"Bu onu göstərir ki, Zelenski özünü daha sərbəst və inamlı hiss edir. Zelenskinin son zamanlar intensiv olaraq xarici səfərlərdə olması təhlükəsizliyinin xeyli dərəcədə təmin olunduğuna dəlalət edir. Zelenski əvvəllər öz ölkəsini bir dəqiqə də olsa tərk edə bilmirdi. Hətta vacib görüşlərə belə onlayn formatda qatılırdı. İndi isə xarici görüşlərdə bilavasitə iştirak edir”.
Həmsöhbətimizə görə, Ukrayna Prezidentinin xarici səfərlərinin artması həm də mühüm bir mərhələnin astanasında olduğumuza işarədir:
"Bildiyiniz kimi, Ukrayna elan etdiyi hücum əməliyyatını bir qədər sonraya saxlayıb. Bunu da texniki və digər formalarda əlavə dəstək almaqla izah edirlər. Zelenskinin bu müstəvidə şəxsi görüşlərinin artması, ehtimal ki, həmin görüşlərdə müəyyən razılıqların əldə olunmasını tələb edir”.
Qeyd edək ki, son zamanlar Ukrayna Prezidenti Zelenskinin xaricə səfərləri xeyli artıb. Əvvəlki dövrə qədər Ukraynanı tərk etməkdə çətinlik çəkən Zelenski indi xarici səfərlərini xeyli intensivləşdirib. O, bir müddət əvvəl İtaliya, Almaniya, Fransa və Böyük Britaniyaya səfər etmişdi. Bir neçə gün əvvəl isə Tokioda "Böyük 7-in” tədbirində iştirak edib.
Rüfət Sultan