Xəbər lenti

Zelenskinin açıqlaması - Müharibinin sonuna gerçəkdən az qalıb?
Dünya 16:51 24.09.2024

Zelenskinin açıqlaması - Müharibinin sonuna gerçəkdən az qalıb?

"Ukrayna prezidentinin bu fikirləri daha çox daxili auditoriyaya hesablanıb, digər tərəfdən Qərbi ruhlandırmaq məqsədi daşıyır”. 

Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert İbrahim Rüstəmli Ukrayna prezidenti Volodimir Zelenskinin müharibənin sonuna yaxınlaşdıqları barədə fikirlərini şərh edərkən deyib:

"Zelenskinin bu açıqlaması ilə nəyi nəzərdə tutduğunu deyə bilmərəm. Amma tarixə ekskursiya etsək görəcəyik ki, bütün dönəmlərdə Rusiya ərazisinə daxil olan xarici hərbi qüvvələr heç bir uğur qazana bilməyib. Bunu Napoleonun, Hitlerin Rusiyaya hücumları fonunda görmüşük. Zelenskinin bu fikirləri daha çox daxili auditoriyaya hesablanıb. Zelenski müharibədə qələbəyə özünün siyasi karyerasının əsası kimi baxır. Aydın məsələdir ki, Ukraynanın müharibədə uduzması Zelenskinin də siyasi karyerasının məhvi demək olacaq. Eyni sözləri Putin barədə də söyləmək olar. Müharibənin başlanması üçün Qərb kifayət qədər çox maddi vəsait tələb edən kampaniya təşkil etməklə Rusiyanı bu bataqlığa sürüklədi”. 
 


Digər tərəfdən, həmsöhbətimiz düşünür ki, Zelenskinin bu çağırışları digər tərəfdən də Qərbi ruhlandırmaq məqsədi daşıyır: 

"Təcrübə göstərir ki, artıq Avropa ölkələri də müharibəyə hazır olmalıdır. Rusiyanın müharibədə qələbəsi Avropa üçün də təhlükə yaradacaq. Ona görə də soyuq müharibə cəbhəsində də qızğın mübarizə gedir. Ukrayna müharibəsinin sona çatmasına əslində hələ çox var. Zelenskinin müharibədə qazanacağı qələbənin yaxın olduğunu söyləməsi real görünmür”. 

Qeyd edək ki, Nyu Yorkda olan Ukrayna prezidenti Volodimir Zelenski  "Sabahın xeyir Amerika"nın aparıcısı Robin Robertsə müsahibəsi zamanı müharibənin sonunun göründüyündən daha yaxın olduğunu bildirib. 

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin çoxlarının düşündüyündən "sona yaxın” olduğuna inandığını deyib və müttəfiqlərini Ukrayna ordusunu gücləndirməyə çağırıb:

"Qələbə planı Ukraynanı gücləndirməkdir. Ona görə də biz dostlarımızdan, müttəfiqlərimizdən bizi gücləndirmələrini xahiş edirik. Bu, çox vacibdir. Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq. Müharibənin sonuna daha yaxınıq".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->