Sağlamlıq 13:36 09.02.2023

Zəlzələ şokunu necə dəf etmək olar? - Psixoloq

"Zəlzələ, sel, təbii fəlakətləri yaşayan insanlarda hadisənin şoku bir müddət sonra da davam edir. Onlarda baş travmatik stress pozuntusu yaranır. Bu pozuntu da onların həyat keyfiyyətinə, şəxsi münasibətlərinə çox böyük təsir göstərir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov Türkiyədə baş verən zəlzələdə dağıntılar altından çıxarılan insanlarla bağlı danışarkən deyib. Elnur Rüstəmov onlara psixoloyi yardım göstərilməsinin vacibliyini vurğulayıb:


 
"Elə hadisələr var ki, insan hansısa formada o haqda bilgili olur, məsələn, müharibə, kiminsə dünyasını dəyişməsi və s. Amma təbii fəlakətlərin yaratdığı stres ağır olur. Adam yatır, səhər duranda görür ki, belə bir faciə baş verib. Bədbəxt hadisə nəticəsində insanlar doğmalarını, yaxınlarını, dostlarını itirir. Bu sarsıntıların böyük qismi bir ömür bunları izləyir, yəni, onların xatirələrində qalır. Bu insanlara mütləq psixoloji yardım göstərilməlidir”. 

Elnur Rüstəmovun fikirincə həmin şəxslərə iki mərhələdə yardım göstərilməlidir:
 
"İlkin mərhələdə birdəfəlik, sonrakı mərhələdə mütamadi olaraq bu tipli insanlara psixoloji yardım göstərilməlidir. Hər ikisi də davamlı şəkildə həyata keçirilməlidir ki, onlar həyat keyfiyyətlərini bərpa edə bilsinlər. Çünki travma özlüyündə çox böyükdür. Əks təqdirdə, aldıqları travma həmin şəxslərin sonrakı həyat səviyyəsinə öz təsirini göstərəcək. Birdəfəlik psixoloji yardımı psixoloq və bu elmə yaxın olan sahələrdə ixtisaslaşmış mütəxəsislər etməlidir”.

Bahar Rüstəmli