"Paşinyan bununla demək istəyib ki, qonşularla ədavət hissilə yaşamaq xeyir gətirmir, əksinə ziyan vurur”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistan baş naziri Nikol Paşinyanın ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümündə həmin sənədi tənqid etməsini şərh edərkən deyib.
"Paşinyanın bu açıqlamasını yüksək qiymətləndirirəm. O, Ermənistan siyasi səhnəsində yüksək məqamlı ilk siyasətçidir ki, ölkəsini indiki bəlalara gətirən əsas müddəanı aşkar deyir və xalqa onun ziyanına nəyin olduğunu bildirir. Məsələ ondadır ki, həmin müstəqillik bəyannaməsində deyilirdi ki, Qarabağ müstəqilliyə çatır. Bu da 1918-ci ildə Ermənistanın müstəqilliyini elan etdikdən sonra Azərbaycan, Gürcüstan və Türkiyə ilə müharibələr aparmasını xatırladır. Bu müharibə və ərazi iddiaları nəticəsində də bölgəmiz yenidən işğal olundu. Məhz, İrəvan qonşularla normal münasibət qurmaq əvəzinə, hansısa quldur daşnaqlar və başqalarının əlilə etnik təmizləmə, başqalarının ərazisini işğal etmək yolunu tutdu”, deyə plitoloq bildirib.
Zərdüşt Əlizadənin fikrincə, Paşinyan da demək istəyir ki, ermənilər keçən əsrin əvvəllərində qonşularla normal münasibət qura bilmədiklərindən, sonra SSRİ-nin tərkibinə qatıldılar:
"Paşinyan bununla müasir dövrdə sovet rejimindən azad olsalar da, yenə də köhnə prinsiplər əsasında qonşulara qarşı ərazi iddiası, düşmənçiliyi elan etməklə, pis günə qaldıqlarını etiraf edir. Yəni bütün bunlarla erməni baş nazir deyir ki, ədavət hissilə yaşamaq xeyir gətirmir. Bunu anlamaq lazımdır”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümündə bu sənədi tənqid edib. Baş nazir bildirib ki, erməni dövlətçiliyinin əsasını qoyan sənəd ölkə tarixində dönüş nöqtəsi olub və Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul edilib:
"Bu Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz sonda bizi SSRİ-nin bir hissəsinə çevirən düstur əsasında diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi qonşularımızla hər zaman münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir".
Nikol Paşinyanın sözlərinə görə, bu Bəyannamə ilə Ermənistan SSRİ-dən çıxmaq kursunu elan etsə də, eyni zamanda ondan çıxmaq üçün bütün yolları da bağlayıb.
Rüfət Sultan