Ukrayna xarici işlər naziri Dmitro Kuleba "Arab News”a müsahibəsində bildirib ki, Türkiyə, Çin və Səudiyyə Ərəbistanı Rusiyaya təsir göstərə və bu dövlətin Kremlin işğalçı müharibə ilə bağlı mövqeyini dəyişə bilər.
Onun sözlərinə görə, "kollektiv cənub” Rusiyaya təsir göstərə və onu Ukraynaya qarşı müharibə ilə bağlı mövqeyini dəyişməyə məcbur edə bilər. Nazir qeyd edib ki, bu ölkələrin Rusiya ilə xüsusi əlaqələri mövcuddur:
"Bu ölkələr təkbaşına Rusiyanın mövqeyini dəyişmək üçün çətinlik çəkə bilər. Amma kollektiv şəkildə çalışsalar, buna nail ola bilərlər”.
Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Ukrayna XİN rəhbəri həmin fikirləri sadəcə olaraq, əlacsızlıqdan səsləndirib.
"Kulebanın adını çəkdiyi Çin, Türkiyə və Səudiyyə Ərəbistanının Putinə təsir imkanları yoxdur. Putin istədiyini etməyə hazır bir adamdır. Əlində nüvə silahı, ordusu, ətrafında da qorxaq, satqın əlaltıları var. O heç kimdən qorxmur, heç kimə də yazığı gəlmir. Ona görə də heç kim Putinə müharibə məsələsində təsir edə bilməz. Boş söhbətlərdir", deyə Z. Əlizadə vurğulayıb.
Politoloq hesab edir ki, Kuleba öz günahını etiraf etməyəcək:
”Ona görə də bu sözləri deməklə sadəcə olaraq insanlara təskinlik, ümid verir ki, guya haçansa sözügedən 3 dövlət birləşib Putinə təsir etməklə onu müharibədən yayındıra bilərlər. Bu, mümkünsüzdür”.
Rüfət Sultan