"Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxar-çıxmaz ölkə siyasi gündəmini silkələdi. Layihədə qeyd edilib ki, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvü olmalıdır. Qanun layihəsində göstərilib ki, azı 10 min üzvü olan siyasi partiyalar dövlət qeydiyyatına alına bilər. Ümumiyyətlə, bu gün Azərbaycanda fəaliyyət göstərən partiyaların ayrı-ayrılıqda neçə min üzvü və neçə rayon təşkilatı var?
Qaynarinfo bununla bağlı partiyalar arasında sorğu keçirib. Sorğunun nəticələrini təqdim edirik.
Yeni Azərbaycan Partiyasının rəsmi səhifəsində 760 580 min üzvlərinin olduğunu qeyd olunub. Qurumdan verilən məlumata görə, Azərbaycanın bütün səhər və rayonlarında YAP-ın təşkilatları fəaliyyət göstərir.
Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı bildirib ki, Müsavat ölkədə fəaliyyət göstərən və bütün strukturları olan yeganə siyasi bir partiyadır: "70-ə yaxın rayon təşkilatı fəaliyyət göstətir. 10 minlərlə üzvlərimiz var”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin rəhbəri Sadiq Qurbanovun sözlərinə görə, təşkilatın 65-66 rayon təşkilatı fəaliyyət göstərir: "10 minlərlə üzvlərimiz var”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə rəhbərlik etdiyi partiyanın 30 minə yaxın üzvü olduğunu dedi: "Partiyanın 65 rayon təşkilatı fəaliyyət göstətir. Yeni qanunun müzakirəsindən sonra üzvlərimizin sayı yenidən dəqiqləşəcək”.
REAL Partiyasının İcra Aparatının rəhbəri Natiq Cəfərli isə bildirib ki, partiyanın rəsmi üzvlərinin sayı 4 mindən yuxarıdır: "Bizdə üzvlük siyasəti həmişə fərqli olub. Biz rəsmi üzvlükdən daha çox tərəfdaş, seçici toplamağa çalışmışıq. Siyasi partiyalar üzv deyil, seçici qazanmalıdır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə rəhbərlik etdiyi qurumun 68 rayon təşkilatı və 57 min üzvü olduğunu qeyd edib.
Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının icra aparatının rəhbəri Samir Əsədli partiyanın 82 rayon təşkilatı olduğunu bildirib: "Elə rayon təşkilatımız var ki, 200-dən çox fəal üzvü var. 81 bölgə və Naxçıvan Muxtar Respublika təşkilatında ümimilkdə 19783 nəfərin anket ərizəsi var".
AĞ Partiya sözcüsü Cavanşir Abbaslı isə partiyanın hazırda 12 mindən çox üzvü olduğunu xatırladıb: "Bu əsasən son 2 ildə partiyaya üzv olanlardı. Təşkilata axın davam edir. Hər həftənin şənbə günü partiyanın idarə heyətinin saat 12:00-da ənənəvi toplantııs keçirilir və son bir həftədə görülən işlər, siyasi proseslər, eləcə də, partiyaya üzvlük üçün müraciət edənlərin sayına baxılır, hər biri barədə araşdırma aparılır və sonda səsə qoyulma ilə vətəndaşlarımızın istəkləri, seçimləri qəbul olunur. Hər həftə azı 150-200 arası yeni üzv qəbul olunur. Rayon təşkilatlarına gəlincə, pafossuz deyirəm, sübut da edə bilərəm ki, bütün rayonlar üzrə təşkilatımız var. Bunu "vatsap" qrupları ilə göstərə bilərik. Hər rayon üzrə "vatsap" qrupumuz var və ortalama azı 50-100 arası qruplarda yer alan üzvlərimiz var. Bəzi partiyalar saylarını şişirdə bilərlər, amma əminliklə deyirəm ki, bu gün aktiv üzvlərinin sayına görə AĞ Partiya ölkəmizdə birincidir...".
Müasir Müsavat Partiyasından isə bildirdilər ki, qurumun 80 mindən çox üzvü var: "Partiyanın 63 rayon təşkilatı fəaliyyət göstərir”.
Milli Cəbhə Partiyasından isə qurumun 2 min 35 üzvünün olduğu və 57 rayon təşkilatının fəaliyyət göstərdiyini bildirdilər.
Azərbaycan Yüksəliş Partiyasından isə bildirilib ki, partiyanın minlərlə üzvü var. Bəzi rayon təşkilatları fəaliyyət göstərir, bəziləri isə formalaşma mərhələsindədir. Hamısı tam qurulandan sonra rəqəmlər açıqlanacaq.
Bahar Rüstəmli